Suşi alarkən hansı məqamlara diqqət etməliyik? - EKSPERT DANIŞDI

1 May 2026 12:14 (UTC+04:00)

“Müasir həyat tərzinə keçid, filmlərin, reklamların təsiri qida rasionumuzun dəyişməsinə, başqa millətlərin mətbəx nümunələrinin bizim qida rasionumuza daxil olmasına səbəb olur”.
Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.

Onun sözlərinə görə, bu qidalardan biri də suşidir. Suşi son illərdə bir növ müasir qidalanma simvoluna çevrilib:

”Sevən də sevməyən də trend xətrinə, bəziləri şəkil çəkdirmək həvəsinə bu qidalardan dadır. Suşi tərkibindəki keyfiyyətli balıq sayəsində əvəzolunmaz omega 3 və protein mənbəyidir. Amma çiy balıqdan istifadə olunması onu mikrobioloji çirklənmə və ağır metallar baxımından riskli qidalar siyahısına daxil edir. Düzgün hazırlanmış suşi sağlamlıq üçün faydalıdır. Temperatur rejiminə əməl olunmadıqda isə ciddi qida zəhərlənmələrinə səbəb ola bilər.
Dəniz məhsullarının biokimyəvi tərkibi insan orqanizmi üçün unikal bir tikinti materialıdır. Xüsusilə yağlı balıq növləri ürək-damar sistemini qoruyan doymamış yağ turşuları ilə zəngindir. Düyü isə enerji mənbəyidir. Digər tərəfdən isə risk tərəfi də var. Çiy dəniz məhsullarında anisakis kimi parazitlər, ya vibrio, salmonella kimi patogen mikroorqanizmlər ola bilər. Ev şəraitində, ya da gigiyena qaydalarına riayət olunmayan yerlərdə bu risk yüksəkdir. Xüsusilə böyük ölçülü balıqlarda civə toplanması müşahidə olunur. Bu sinir sistemi üçün toksikdir. Həmçinin bir çox müasir suşi növlərinə əlavə edilən mayonezli souslar, krem-pendirlər, soya sousu qidanın duz və kalori miqdarını sürətlə artırır.
Suşi yemək istəyiriksə, bəzi təhlükəsilzik qaydalarına riayət etməliyik. Əgər suşini evdə hazırlamaq istəyiriksə, balığın əvvəlcədən -20°C-də ən azı 7 gün və ya -35°C-də 15 saat dondurulduğundan əmin olmalıyıq. Bu hal parazitlərin məhv edilməsi üçün faydalı üsuldur. Vəsabi və zəncəfil turşusu təkcə dad üçün deyil. Onların müəyyən dərəcədə antimikrob xüsusiyyətləri var. Lakin soya sousundan istifadə edərkən ehtiyatlı olmalıyıq. Bir yemək qaşığı soya sousunda gündəlik duz ehtiyacınızın demək olar ki, yarısı ola bilər. Restoranda suşi yeyərkən balığın qoxusuna diqqət etməliyik. Təzə balıq dəniz və yosun qoxusunu xatırlatmalıdır. Əgər kəskin qoxu gəlirsə, o məhsul artıq düzgün temperaturda saxlanılmayıb.
Hamilə qadınlar, azyaşlı uşaqlar və immuniteti zəif olan şəxslər üçün çiy balıq tərkibli suşilər qətiyyən tövsiyə edilmir. Bu qrupdakı insanlar üçün bişmiş, tərəvəzli seçimlər daha təhlükəsizdir. Həmçinin allergik reaksiyaları olanlar tərkibi dəqiqləşdirmədən sifariş verməməlidir”.