"Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri ölkənin daxili siyasi balansı ilə yanaşı, onun geosiyasi istiqamətinin müəyyənləşməsi baxımından da həlledici mərhələ kimi qiymətləndirilir. Bu dəfəki seçki mühiti kifayət qədər gərgin və qütbləşmişdir, çünki bu seçkilər özündə təkcə Paşinyan hakimiyyəti və onun müxalifəti arasında rəqabəti deyil, eləcə də Rusiya və Qərb arasında mübarizəni ehtiva edir".
Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
.jpg)
Onun sözlərinə görə, siyasi mübarizənin mərkəzində baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi hakim “Mülki Müqavilə” partiyası dayanır: "Paşinyan hələ də əsas favorit kimi görünsə də, ictimai dəstəyin zəifləməsi diqqət çəkir. Sorğular göstərir ki, seçicilərin əhəmiyyətli hissəsi ya qərarsızdır, ya da açıq mövqe bildirməkdən çəkinir. Buna baxmayaraq, müxalifətin də dəstəyi olduqca aşağıdır. Hazırda sorğular göstərir ki, Paşinyan və onun partiyasının reytinqi təqribən 27–28 faiz civarındadır. Əsas rəqiblər olan Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası 13–14 faiz, Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası 7–8 faiz, Köçəryanın rəhbərlik etdiyi blok isə təqribən 5–6 faiz reytinqə malikdir. Başqa sözlə, hakim partiya müxalifətin birlikdə toplaya biləcəyi səslər qədər səs almaq imkanına malikdir.
Hazırda müxalifət düşərgəsində əsas problem parçalanmadır. Müxtəlif siyasi qüvvələr, yəni keçmiş prezidentlər, yeni siyasi layihələr və biznes elitası vahid platformada birləşə bilmir. Bununla belə, Karapetyan kimi yeni oyunçuların meydana çıxması, xüsusilə oliqarx kapitalına söykənən siyasi layihələrin aktivləşməsi mübarizəni daha rəqabətli edir.
Seçki prosesinin digər mühüm xüsusiyyəti onun informasiya və təsir müstəvisində aparılmasıdır. Yerli və beynəlxalq müşahidəçilər seçkiöncəsi dövrdə qeyri-şəffaf maliyyələşmə, dezinformasiya kampaniyaları və xarici təsir ehtimallarına diqqət çəkirlər. Xüsusilə Rusiyanın mümkün informasiya müdaxiləsi ehtimalı tez-tez müzakirə olunur ki, bu da Ermənistanın geosiyasi seçimlərinin seçkiyə birbaşa təsir etdiyini göstərir. Digər tərəfdən, hakimiyyətin inzibati resurslardan istifadəsi və müxalifətə qarşı təzyiq iddiaları da seçki mühitinin tam bərabər olmadığını göstərən amillər sırasındadır.
Bu seçkiləri fərqləndirən əsas amillərdən biri də təhlükəsizlik və xarici siyasət məsələlərinin daxili siyasi diskursun mərkəzinə çevrilməsidir. 2020-ci ildən sonra regionda baş verən dəyişikliklər, xüsusilə Qarabağ məsələsinin yekun mərhələsi və Ermənistanın yeni reallıqlara uyğunlaşmaq məcburiyyəti seçici davranışına ciddi təsir edir. Paşinyan hökuməti daha çox Qərbə inteqrasiya və regional kommunikasiyaların açılması xəttini irəli sürür, müxalifət isə bunu təhlükəli güzəştlər kimi təqdim edir. Bu isə seçkiləri ideoloji yox, daha çox geosiyasi seçim yarışına çevirir.
Seçkilərin nəticələrinin regiona təsiri bir neçə istiqamətdə özünü göstərə bilər. Əgər Paşinyan hakimiyyətdə qalarsa və hazırda onun hakimiyyətdə qalma ehtimalı kifayət qədər yüksəkdirsə, bu zaman Ermənistanın Qərblə yaxınlaşma siyasəti və Azərbaycanla sülh prosesinin davamı ehtimalı güclənəcək. Bu halda Cənubi Qafqazda kommunikasiya layihələrinin və iqtisadi inteqrasiyanın sürətlənməsi müşahidə olunacaq. Əksinə, müxalifətin hakimiyyətə gəlməsi və ya güclənməsi halında Ermənistanın yenidən Rusiya orbitinə yaxınlaşması və daha sərt təhlükəsizlik siyasətinə qayıtması ehtimalı arta bilər. Bu isə regionda gərginliyin yenidən yüksəlməsi riskini artırar.
Ümumilikdə, Ermənistan seçkiləri yalnız daxili hakimiyyət uğrunda mübarizə deyil, həm də ölkənin gələcək strateji kursunun müəyyənləşdirilməsi uğrunda mübarizədir. Bu baxımdan proses həm daxili siyasi dinamikanın, həm də böyük güclərin maraqlarının kəsişdiyi mürəkkəb bir mərhələ kimi qiymətləndirilməlidir".