"Luis Moreno Ocampo ilə bağlı yayılan və onun guya Josep Borrell barədə “komandamın üzvüdür” kimi ifadə işlətdiyini iddia edən video, ilk növbədə informasiya təhlükəsizliyi və siyasi manipulyasiya prizmasından qiymətləndirilməlidir. Belə materialların dövriyyəyə buraxılması beynəlxalq siyasi diskursda dezinformasiyanın təsir gücünü artırır və ictimai rəyin yanlış yönləndirilməsi riskini yaradır".
Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
.jpg)
Onun sözlərinə görə, bu tip iddialar təsdiqlənmədən qəbul olunarsa, Avropa İttifaqı kimi institutların neytrallığına kölgə sala və ictimai etimadı zədələyə bilər. Xüsusilə belə bəyanatların şəxsi mövqe, satira, kontekstdən çıxarılmış fraqment və ya ümumiyyətlə dezinformasiya olub-olmaması ciddi şəkildə yoxlanmalıdır, əks halda bu, informasiya müharibəsinin alətinə çevrilərək məqsədli siyasi narrativlərin formalaşdırılmasına xidmət edə bilər: "Bu cür hallarda əsas risk yalnız yanlış məlumatın yayılması deyil, həm də onun siyasi məqsədlər üçün sistemli şəkildə istifadə olunmasıdır. Sosial media platformalarında kontekstdən çıxarılmış videoların sürətlə yayılması ictimai qavrayışı manipulyasiya etməyə imkan verir və bu, xüsusilə beynəlxalq təşkilatlar və onların nümayəndələri barədə yanlış təsəvvürlərin formalaşmasına gətirib çıxara bilər. Nəticədə diplomatik münasibətlərdə gərginlik yarana, tərəflər arasında etimad mühiti zəifləyə bilər.
Digər tərəfdən, Nikol Paşinyan barədə “uzaqlaşdırılmalıdır” kimi ifadələr, hətta fərdi fikir kimi səslənsə belə, xarici aktorların suveren siyasi proseslərə müdaxiləsi kimi şərh oluna biləcək iddiaları gücləndirir və regionda həssaslığı artırır. Belə yanaşmalar demokratik idarəetmə prinsipləri ilə ziddiyyət təşkil edir, çünki demokratik sistemlərdə siyasi liderlərin dəyişməsi yalnız daxili siyasi mexanizmlər, yəni seçkilər və konstitusion prosedurlar vasitəsilə baş verir.
Bu tip bəyanatlar həm Ermənistan daxilində mövcud siyasi qütbləşməni daha da dərinləşdirə, həm də regionda artıq mövcud olan etimadsızlıq mühitini gücləndirə bilər. Eyni zamanda, xarici siyasi şərhlərin daxili proseslərə təsir kimi qəbul olunması beynəlxalq münasibətlərdə əlavə gərginlik yarada və tərəflər arasında dialoq imkanlarını məhdudlaşdıra bilər".