“Aparılan islahatlar dövlət aparatının çevikliyini və effektivliyini artırır” - DEPUTAT DANIŞDI

1 May 2026 10:52 (UTC+04:00)

“Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasəti müasir dövlət idarəçiliyinin əsas prioritet istiqamətlərindən biri kimi çıxış edir və ölkənin davamlı inkişaf strategiyası ilə sıx bağlıdır”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, bu siyasətin mahiyyəti yalnız vəzifələrin doldurulması ilə məhdudlaşmır, eyni zamanda dövlət aparatında keyfiyyətli insan kapitalının formalaşdırılmasını, idarəetmədə yeni yanaşmaların tətbiqini və institusional dayanıqlığın təmin olunmasını əhatə edir:

“İlk növbədə, peşəkarlığın gücləndirilməsi bu siyasətin əsas sütunlarından biridir. Dövlət idarəçiliyində çalışan şəxslərin bilik və bacarıqlarının yüksək səviyyədə olması qəbul edilən qərarların keyfiyyətinə birbaşa təsir göstərir. Bu baxımdan, təyinat zamanı namizədlərin təhsili, ixtisası, praktiki təcrübəsi və analitik düşünmə qabiliyyəti ön plana çəkilir. Eyni zamanda, dövlət qulluqçularının davamlı təlim və inkişaf proqramlarına cəlb olunması onların peşəkar səviyyəsinin daim yenilənməsinə imkan yaradır.
Yenilikçi yanaşmanın tətbiqi isə dövlət idarəçiliyinin müasir çağırışlara uyğunlaşmasını təmin edir. Rəqəmsallaşma, elektron xidmətlərin genişləndirilməsi, idarəetmədə çevik metodların tətbiqi kimi istiqamətlərdə irəliləyiş məhz innovativ düşüncəyə malik kadrların önə çəkilməsi ilə mümkün olur. Gənc və dinamik kadrların irəli çəkilməsi bu baxımdan xüsusi rol oynayır, çünki onlar yeni ideyalar və texnologiyalara daha açıq olurlar.
Bununla yanaşı, təcrübəli mütəxəssislərin potensialından istifadə edilməsi də balanslı kadr siyasətinin göstəricisidir. Uzun illər dövlət xidmətində çalışmış şəxslərin bilik və təcrübəsi institusional yaddaşın qorunmasına və qərarların daha əsaslı şəkildə qəbul olunmasına kömək edir. Gənc və təcrübəli kadrların sintezi isə idarəetmədə həm dinamizmi, həm də sabitliyi təmin edir.
Aparılan islahatlar nəticəsində dövlət aparatının çevikliyi və effektivliyi əhəmiyyətli dərəcədə artır. Qərarların qəbul olunma sürəti yüksəlir, resurslardan daha səmərəli istifadə olunur və dövlət xidmətlərinin keyfiyyəti yaxşılaşır. Bu isə öz növbəsində vətəndaş məmnunluğunun artmasına və cəmiyyətin dövlətə olan inamının möhkəmlənməsinə gətirib çıxarır”.