Tramp “İran bataqlığından” çıxa bilmir...

30 Aprel 2026 16:23 (UTC+04:00)

Mətləb Salahov: "ABŞ-a qarşı İranın yanında Rusiya və Çin kimi nəhənglər də yer alır"

“ABŞ-ın İranla bağlı artıq fiaskoya uğramış müharibə strategiyası həm də Ağ Evin dünya nəhəngi kimi supergüc obrazını da alt-üst edib. Bölgədə İranla təkcə hərbi deyil, həm də diplomatik və siyasi rinqdə də bacarıqsızlıq göstərən ABŞ rəhbərliyi vəziyyətdən çıxmaq üçün çapalayır, lakin onun “İran bataqlığından” nüfuzunu qoruyaraq xilas olması artıq mümkünsüz şəkil alıb.”

Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, D.Tramp əvvəlcə İrana qarşı quru əməliyyatına başlayacağını elan etdi, indi də Hörmüz boğazını blokadaya alacağını elan edir. Bunların heç biri real addımlar deyil. “Çünki İrana qarşı quru əməliyyatları bölgədəki incəliklərdən məlumatsız ABŞ ordusu üçün böyük itki demək olacaq. Hörmüz boğazının blokadası isə dünya iqtisadiyyatının iflici olacaq ki, bu da hazırkı ABŞ rəhbərliyinə qarşı olan hücumları kəskinləşdirəcək.
Xüsusilə dünya ticarət yoluna blokada tətbiq etmək ABŞ üçün daha ağır nəticələr yaradacaq. Unutmayaq ki, üzdə olmasalar da, hazırda ABŞ-a qarşı İranın yanında Rusiya və Çin kimi nəhənglər də yer alır. Hazırkı İran müharibəsi ABŞ üçün Əfqanıstan və Vyetnam fəlakətlərindən daha betər vəziyyətdir”.

Afət Tahirqızı