“ABŞ-İran müharibəsi “təzyiq, siqnal və məhdud toqquşmalar” modeli çərçivəsindədir” - POLİTOLOQ DANIŞDI

30 Aprel 2026 16:25 (UTC+04:00)

“ABŞ–İran münasibətləri 1979-cu il İran İslam İnqilabından sonra formalaşan uzunmüddətli və sistemli qarşıdurma xarakteri daşıyır. Bu münasibətlərdə əsasən siyasi təzyiq, iqtisadi sanksiyalar və periodik hərbi siqnallar mühüm yer tutur. Son dövrlərdə isə regionda İsrail faktorunun daha aktiv rol oynaması geosiyasi vəziyyəti əlavə dərəcədə gərginləşdirmişdir”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfindən İran üzərinə tammiqyaslı hərbi müdaxilə strategiyasının həyata keçirilməsi bir sıra obyektiv amillər səbəbindən məhdud ehtimal kimi qiymətləndirilir:

”İlk növbədə, İranın asimmetrik cavab imkanları, regiondakı qeyri-dövlət aktorları, raket potensialı və dəniz marşrutlarına təsir mexanizmləri ,ciddi çəkindirici faktor rolunu oynayır. Xüsusilə Hörmüz boğazı kimi strateji enerji keçid nöqtələri qlobal bazarlara birbaşa təsir imkanına malikdir.

Eyni zamanda, beynəlxalq sistemdə güc balansı da mühüm rol oynayır. Çin və Rusiya kimi aktorların dolayı təsiri regiondakı hərbi eskalasiyanın miqyasını məhdudlaşdıran əlavə amillərdən biridir. Bu kontekstdə ABŞ-İran qarşıdurması daha çox “təzyiq, siqnal və məhdud toqquşmalar” modeli çərçivəsində inkişaf edir.

İran daxilində xarici təzyiqlərin artması isə adətən cəmiyyətin daxili konsolidasiyasına səbəb olur ki, bu da siyasi geri çəkilmə imkanlarını azaldır. Digər tərəfdən, ABŞ daxili siyasətində, o cümlədən seçki prosesləri və iqtisadi prioritetlər fonunda, genişmiqyaslı hərbi əməliyyatlara ehtiyatlı yanaşma müşahidə olunur. Xüsusilə Donald Trump kimi siyasi fiqurların və ümumi daxili siyasi balansın xarici siyasət qərarlarına təsiri nəzərəçarpacaqdır.

Bu qarşıdurma artıq təkcə ikitərəfli münasibət çərçivəsindən çıxaraq Yaxın Şərqdə güc balansı, qlobal enerji təhlükəsizliyi və böyük dövlətlərarası rəqabət kontekstində qiymətləndirilməlidir. Mövcud mərhələdə genişmiqyaslı müharibə ehtimalı aşağı qiymətləndirilsə də, gərginliyin davam etməsi, lokal toqquşmalar və paralel diplomatik proseslər daha real ssenari kimi görünür”.