"Məsələyə real siyasi kontekstdən yanaşdıqda görünür ki, hazırda adı çəkilən şəxsin, məsələn Okamponun, Ermənistan daxilində və ya beynəlxalq səviyyədə ciddi strateji təsir imkanları yoxdur. O, artıq aktiv vəzifə daşımır və eks-prokuror kimi daha çox şəxsi mövqeyini ifadə edir".
Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
.jpg)
Politoloqun sözlərinə görə, onun bəyanatlarının Ermənistan daxilindəki müəyyən lobbi qrupları ilə əlaqələndirilməsi ehtimalı istisna edilmir: "Ümumiyyətlə, Ermənistan siyasətində müxtəlif xarici təsir mərkəzlərinin, diaspora, lobbi qrupları və böyük dövlətlərin maraqlarının toqquşması müşahidə olunur. Bu baxımdan, Nikol Paşinyan hakimiyyətinə qarşı çıxan qüvvələr təkcə bir ölkə ilə məhdudlaşmır.
Çox vaxt sadələşdirilmiş yanaşma belə olur ki, guya Rusiya Paşinyanı istəmir, Avropa İttifaqı isə onu dəstəkləyir. Amma reallıq daha mürəkkəbdir. Həm Rusiyada, həm Avropa İttifaqında, həm də ABŞ daxilində müxtəlif maraq qrupları mövcuddur və bu qrupların mövqeləri birmənalı deyil.
Rusiyada Paşinyanı dəstəkləyənlər də var, əleyhinə olanlar da. Eyni vəziyyət Avropa İttifaqı və ABŞ üçün də keçərlidir. Böyük dövlətlər vahid mövqedən çıxış edən monolit strukturlar deyil, daxilində rəqabət və fərqli baxışlar mövcuddur.
Avropa ilə Rusiya arasında fərq daha çox bu rəqabətin ifadə forması ilə bağlıdır. Rusiyada bu proseslər bəzən daha açıq görünür, Avropada isə daha çox diplomatik və daha çox qapalı müstəvidə aparılır.
Bu kimi şəxslərin çıxışları informasiya fonunda müəyyən təsir yaratsa da, real siyasi qərarlara, xüsusilə də Paşinyan hakimiyyətinə ciddi təsir gücünə malik deyil. Ermənistanın daxili siyasi gələcəyini daha çox ölkə daxilindəki siyasi qüvvələr və seçki prosesləri müəyyən edəcək".