“Müntəzəm keçirilən görüşlər əlaqələrin dinamik inkişafının bariz göstəricisidir” - DEPUTAT DANIŞDI

30 Aprel 2026 14:53 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında aprelin 25-də keçirilən görüş və mətbuata verilən bəyanat bir daha göstərir ki, Azərbaycan-Ukrayna münasibətləri möhkəm siyasi təməl üzərində qurulmuş, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanan əlaqələrdir”.

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, son illərdə dövlət başçıları səviyyəsində müntəzəm keçirilən görüşlər əlaqələrin dinamik inkişaf etdiyini açıq şəkildə nümayiş etdirir:

”Yeddi görüşün baş tutması, həm ikitərəfli formatda, həm də beynəlxalq platformalar çərçivəsində aparılan fəal dialoq ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. Bu münasibətlər siyasi sahə ilə yanaşı, eyni zamanda iqtisadi, energetika, hərbi-texniki və sənaye istiqamətlərini də əhatə edir.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan və Ukrayna hər zaman bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq hüquq normalarını qətiyyətlə dəstəkləyir. Bu prinsipial mövqe iki ölkə arasında strateji tərəfdaşlığın əsas sütunlarından biridir və gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradır.
Energetika sahəsində əməkdaşlıq, o cümlədən SOCAR-ın Ukraynada uğurlu fəaliyyəti, birgə layihələrin və investisiya imkanlarının genişlənməsi iqtisadi əlaqələrin daha da güclənəcəyinə əsas verir. Eyni zamanda ticarət dövriyyəsinin artım dinamikası və mövcud potensial göstərir ki, qarşıdakı illərdə bu sahədə daha böyük nailiyyətlər əldə olunacaq.
Hərbi-texniki və sənaye əməkdaşlığı istiqamətində müzakirə olunan məsələlər də xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkənin sənaye potensialının birləşdirilməsi yeni birgə istehsal layihələrinin reallaşmasına imkan yaradır və bu, regional təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm faktor kimi çıxış edir.
Hesab edirəm ki, bu səfər Azərbaycan-Ukrayna münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Qarşılıqlı hörmət və maraqlar əsasında qurulan bu əməkdaşlıq gələcəkdə daha geniş miqyas alacaq və hər iki xalqın rifahına töhfə verəcəkdir”.