“Aramsız yağan intensiv yağıntılar nəticəsində yaranan sel və daşqın hadisələri cari ildə ölkənin müxtəlif regionlarında genişmiqyaslı sosial-iqtisadi fəsadlara səbəb olmuşdur”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, aqrar sektorun məhsuldarlığına, təsərrüfat subyektlərinin fəaliyyətinə, fərdi yaşayış evlərinə və mühüm infrastruktur obyektlərinə ciddi ziyan dəymiş, nəticədə həm iqtisadi itkilər, həm də əhalinin sosial rifahında müəyyən geriləmələr müşahidə olunmuşdur:
”Mövcud vəziyyət göstərir ki, qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, iqlim dəyişikliklərinin təsiri ilə artan ekstremal təbii hadisələr fonunda bu tədbirlərin effektivliyinin daha da artırılmasına ehtiyac yaranır.
Bu kontekstdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam mühüm strateji sənəd kimi qiymətləndirilə bilər. Sözügedən sərəncam zərərçəkmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, dəymiş ziyanın kompensasiyası və gələcəkdə analoji risklərin minimallaşdırılması istiqamətində kompleks yanaşmanı özündə ehtiva edir. Dövlət başçısının ehtiyat fondundan bu məqsədlə əhəmiyyətli maliyyə vəsaitinin ayrılması və aidiyyəti qurumlara konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi dövlətin sosialyönümlü siyasətinin və operativ idarəetmə qabiliyyətinin göstəricisidir.
Eyni zamanda, qeyd olunan proseslər dövlət-vətəndaş münasibətlərində qarşılıqlı məsuliyyət prinsipinin aktuallığını ön plana çıxarır. Belə ki, risk zonalarında – su basma ehtimalı yüksək olan ərazilərdə, çay məcralarına yaxın sahələrdə, sürüşmə zonalarında, eləcə də mühəndis-kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik, qaz və kollektor sistemləri) yaxınlığında aparılan qeyri-qanuni və ya normativ tələblərə uyğun olmayan tikinti fəaliyyəti potensial təhlükələri artırır. Bu baxımdan, urbanizasiya prosesində planlaşdırma və tikinti qaydalarına riayət olunması, ərazi təhlükəsizliyi ilə bağlı normativ-hüquqi çərçivəyə uyğun davranışın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Təbii fəlakətlərin təsirlərinin azaldılması çoxşaxəli və sistemli yanaşma tələb edən bir prosesdir. Bu proses yalnız dövlətin institusional imkanları ilə deyil, eyni zamanda vətəndaşların məsuliyyətli davranışı, ictimai nəzarət və maarifləndirmə tədbirləri ilə daha effektiv nəticə verə bilər. Beləliklə, dayanıqlı inkişafın təmin olunması və əhalinin təhlükəsizliyinin qorunması üçün dövlət və cəmiyyət arasında koordinasiyalı fəaliyyətin gücləndirilməsi zəruri şərt kimi çıxış edir”.