"Bakı şəhərinin Ümumdünya Şəhərsalma Forumu (WUF13)-na ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq platformada artan rolunun və şəhərsalma sahəsində əldə etdiyi təcrübənin mühüm göstəricisidir".
Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, forum BMT-nin təşəbbüsü ilə keçirilən və urbanizasiya, davamlı şəhər inkişafı, iqlim dəyişiklikləri və inklüziv şəhər mühitinin formalaşdırılması kimi aktual mövzuları müzakirə edən ən nüfuzlu tədbirlərdən biri hesab olunur:
"Bakının bu cür mötəbər tədbirə ev sahibliyi etməsi şəhərin son illərdə keçdiyi inkişaf yolunun məntiqi nəticəsidir. Paytaxtda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, müasir nəqliyyat sistemlərinin qurulması və şəhər mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar beynəlxalq səviyyədə diqqət çəkir. Forum çərçivəsində bu təcrübənin digər ölkələrlə bölüşülməsi üçün geniş imkanlar yaranacaq. Eyni zamanda, WUF13 Bakıya qlobal ekspertləri, siyasətçiləri və şəhərsalma üzrə mütəxəssisləri bir araya gətirərək yeni əməkdaşlıqların qurulmasına təkan verəcək. Bu, həm də Azərbaycanın dayanıqlı inkişaf gündəliyinə sadiqliyini nümayiş etdirməklə yanaşı, ölkənin investisiya və innovasiya imkanlarını təqdim etmək baxımından əhəmiyyətli platformadır.
Nəticə etibarilə, WUF13-ün Bakıda keçirilməsi təkcə şəhərin deyil, bütövlükdə regionun urban inkişaf perspektivlərinə müsbət təsir göstərəcək, yeni ideyaların və həllərin formalaşmasına zəmin yaradacaq. Azərbaycan artıq çox böyük və mötəbər tədbirlərə uğurla ev sahibliyi edib, inanırıq ki, bu forumda uğurla təşkil olunub həyata keçiriləcək".