Xüsusi ittiham nədir? - AÇIQLANDI

30 Aprel 2026 14:10 (UTC+04:00)

”“Xüsusi ittiham cinayət təqibinin formalarından biri olub, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən, yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında başlanılan və onun tərəfindən müdafiə olunan cinayət təqibi növünü ifadə edir”.

Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.


O bildirib ki, bu təqib formasında cinayət işi dövlət ittihamı qaydasında deyil, zərərçəkmişin iradəsi ilə başlanır və əsasən onun prosessual fəallığı ilə həyata keçirilir:

“Xüsusi ittiham qaydasında cinayət təqibi aşağıdakı xüsusiyyətlərlə səciyyələnir:
1) cinayət işi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında başlanır;
2) zərərçəkmiş şəxs eyni zamanda ittiham tərəfi kimi çıxış edir və ittihamı müdafiə edir;
3) prokurorun iştirakı ümumi qayda olaraq nəzərdə tutulmur
4) zərərçəkmiş şəxsin şikayətdən imtina etməsi cinayət təqibinə xitam verilməsinə səbəb olur;
5) işlər bir qayda olaraq birbaşa məhkəmədə baxılır.

Digər təqib formalarından fərqi ondan ibarətdir ki, ictimai ittiham zamanı cinayət təqibi dövlət adından prokuror tərəfindən həyata keçirilir və zərərçəkmişin iradəsindən asılı deyil; Xüsusi-ictimai ittiham zamanı isə iş zərərçəkmişin şikayəti ilə başlanır, lakin sonradan dövlət ittihamı qaydasında davam etdirilir. Xüsusi ittiham isə zərərçəkmiş şəxsin prosessual təşəbbüsünün və iradəsinin həlledici rol oynadığı, dövlətin isə məhdud iştirak etdiyi cinayət təqibi formasıdır.

Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 (təhqir), 148 (böhtan), 165.1 (müəlliflik və əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir”.

Ayşən Vəli