Neqativ və pozitiv hüquqlar nədir? - VƏKİL AÇIQLADI

30 Aprel 2026 14:07 (UTC+04:00)

“Müasir hüquq sistemində insan hüquq və azadlıqlarının mahiyyətinin düzgün anlaşılması üçün onların neqativ və pozitiv hüquqlar kimi bölgüsü xüsusi əhəmiyyət kəsb edir. Bu bölgü yalnız nəzəri xarakter daşımır, eyni zamanda hüquqların müdafiəsi mexanizmlərinin müəyyən edilməsində, dövlətin öhdəliklərinin müəyyənləşdirilməsində və məhkəmə təcrübəsinin formalaşmasında mühüm rol oynayır. Azərbaycan hüquq sistemində də bu yanaşma Azərbaycan Respublikasının Konstitusiyası və formalaşmış məhkəmə təcrübəsi vasitəsilə aydın şəkildə təsbit olunmuşdur”.

Bu sözləri SİA-ya açıqlamasında vəkil Səma Əhmədova deyib.


O bildirib ki, neqativ hüquqlar fərdin azadlıqlarını qoruyan və dövlətin bu sahəyə əsassız müdaxiləsini qadağan edən hüquqlardır:

“Bu hüquqların mahiyyəti ondan ibarətdir ki, dövlət və digər şəxslər fərdin hüquq və azadlıqlarına toxunmamalı, onların sərbəst həyata keçirilməsinə mane olmamalıdır. Konstitusiyanın bir sıra müddəaları məhz bu xarakterli hüquqları təsbit edir. Belə ki, azadlıq hüququ (maddə 28), fikir və söz azadlığı (maddə 47), vicdan azadlığı (maddə 48) və mülkiyyət hüququ (maddə 29) dövlətin müdaxilə etməmək öhdəliyini birbaşa müəyyən edir. Bu normalar hüquqi dövlət prinsipinin əsas dayaqlarından biridir.
Məhkəmə praktikasında neqativ hüquqların müdafiəsi, əsasən, dövlətin aktiv müdaxiləsi ilə bağlı mübahisələr çərçivəsində gündəmə gəlir. Belə hallarda məhkəmələr müdaxilənin hüquqi əsaslarını hərtərəfli qiymətləndirərək onun qanunauyğunluğunu yoxlayır. Xüsusilə, müəyyən edilir ki, müdaxilə qanunla nəzərdə tutulmuşdurmu, legitim məqsəd güdürmü və demokratik cəmiyyətdə zəruri olmaqla proporsionallıq meyarlarına cavab verirmi. Bu meyarlar hüquqların məhdudlaşdırılmasının əsas hüquqi çərçivəsini təşkil edir və müdaxilənin özbaşına xarakter almasının qarşısını alır.

Pozitiv hüquqlar isə dövlətin yalnız müdaxilə etməməsini deyil, eyni zamanda müəyyən hərəkətlər etməsini, hüquqların real həyata keçirilməsi üçün zəruri şərait yaratmasını tələb edir. Bu hüquqlar sosial dövlət prinsipinin təzahürü olmaqla, fərdin layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Konstitusiyada təsbit olunmuş təhsil hüququ (maddə 42), sağlamlığın qorunması hüququ (maddə 41), sosial təminat hüququ (maddə 38) və əmək hüququ (maddə 35) dövlətin aktiv fəaliyyətini şərtləndirən hüquqlardandır. Bu normalar dövlətin yalnız hüquqları tanıması ilə kifayətlənmədiyini, eyni zamanda onların həyata keçirilməsi üçün institusional, hüquqi və maliyyə təminat mexanizmləri yaratmalı olduğunu göstərir.

Məhkəmə təcrübəsində pozitiv hüquqlar daha çox dövlət orqanlarının hərəkətsizliyi və ya üzərlərinə düşən öhdəlikləri yerinə yetirməməsi ilə bağlı mübahisələrdə özünü göstərir. Məsələn, vətəndaşa qanunla nəzərdə tutulmuş sosial təminat ödənişinin verilməməsi hallarında məhkəmələr müvafiq dövlət orqanlarının bu öhdəliyi icra etməsini təmin edən qərarlar qəbul edir.

Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərində də öz əksini tapmışdır. Konstitusiya Məhkəməsi qeyd edir ki, dövlət yalnız hüquqlara müdaxilədən çəkinməklə kifayətlənməməli, eyni zamanda həmin hüquqların real və effektiv həyata keçirilməsi üçün zəruri tədbirlər görməlidir. Bu mövqe insan hüquqlarının formal deyil, mahiyyət etibarilə təmin edilməsinə xidmət edir.
Beləliklə, neqativ və pozitiv hüquqların fərqləndirilməsi hüquq sistemində dövlətin rolunu iki əsas istiqamətdə müəyyən edir: bir tərəfdən dövlət fərdin hüquq və azadlıqlarına əsassız müdaxilə etməməli, digər tərəfdən isə həmin hüquqların faktiki həyata keçirilməsi üçün zəruri şəraiti yaratmalıdır.

Praktikada isə bu iki yanaşma qarşılıqlı şəkildə bir-birini tamamlayaraq insan hüquqlarının effektiv və real təmininin əsasını təşkil edir”.

Ayşən Vəli