"Cənab Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən etibarən islahatlar prosesinə start verdi və bu islahatların ən mühüm istiqamətlərindən biri kadr siyasəti oldu. Çünki Azərbaycanın qarşısında tarixi bir missiya dayanırdı: ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi. Məhz bu reallığı dərindən dərk edən şəxslərin dövlət idarəçiliyinə cəlb olunması vacib idi ki, onlar göstərilən etimadı doğruldaraq ölkəni hədəflərə addım-addım yaxınlaşdırsınlar".
Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, daxili və xarici siyasətdə peşəkar kadr islahatlarının həyata keçirilməsi aydın şəkildə müşahidə olundu: "Beynəlxalq müstəvidə koordinasiyalı fəaliyyət modeli formalaşdırıldı.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən mühüm və genişmiqyaslı layihələr reallaşdırıldı. “Xocalıya ədalət!” kampaniyası bu fəaliyyətin ən bariz nümunələrindən biridir.
Azərbaycan yalnız öz tarixi və mədəni irsinin qorunması ilə kifayətlənmədi, eyni zamanda, dünya xalqlarının mədəni irsinin qorunmasına yönəlmiş layihələrdə də fəal iştirak etdi. Bu yanaşma ölkənin beynəlxalq müstəvidə humanitar dəyərlərə verdiyi önəmi açıq şəkildə nümayiş etdirdi.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında gənc və peşəkar kadrların irəli çəkilməsi prosesi sürətləndirildi. Bu zaman əsas meyar yüksək bilik və bacarıq olsa da, vətənpərvərlik də mühüm amil kimi ön planda saxlanıldı.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik kursunun davam etdirilməsi, yarımçıq qalan işlərin tamamlanması və görülən işlərə kölgə salınmaması əsas prioritetlərdən biri idi. Cənab Prezident İlham Əliyev bu yanaşmanı məhz kadr siyasəti ilə daha da möhkəmləndirdi.
Bu gün müxtəlif nazirliklərdə kadr və struktur islahatlarının aparılması, icra hakimiyyəti orqanlarında yeni təyinatların həyata keçirilməsi onu göstərir ki, dövlət idarəçiliyində keyfiyyətin artırılması istiqamətində ardıcıl addımlar atılır. Görülən işlərə kölgə salmaq yolverilməzdir.
Biz fəaliyyətimizi əldə etdiyimiz Zəfərə layiq şəkildə davam etdirməli, tariximizi və mövcud reallıqları dərindən dərk edərək bunu gələcək nəsillərə ötürməliyik. Eyni zamanda, inkişaf trayektoriyası ölkənin yeganə strateji yolu kimi qəbul edilməlidir.
Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasəti ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısının etimadını qazanan şəxslər bu etimadı əməli fəaliyyətləri ilə doğrultmalıdırlar. Şübhəsiz ki, mənfi halların qarşısının alınması da vacibdir. Belə hallar aşkar edildikdə dərhal adekvat tədbirlər görülür, xalqın etimadını sarsıdan və dövlətlə vətəndaş arasında uçurum yaradan şəxslər vəzifədən uzaqlaşdırılır. Bütövlükdə kadr siyasəti məqsədyönlü və uğurla davam etdirilir".