"Ermənistanda keçiriləcək seçkilər Cənubi Qafqazda geosiyasi proseslərdə mühüm hadisədir. Çünki Nikol Paşinyan əgər seçilməsə, Rusiya çalışır ki, Cənubi Qafqazda öz geosiyasi mövqelərini gücləndirsin və özünə yaxın şəxsləri — Robert Koçaryan və Samvel Karapetyan — hakimiyyətə gətirsin".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bu isə regionda yenidən hərbi eskalasiyaya və Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsinə səbəb ola bilər:
"Bu da təbii ki, beynəlxalq siyasi nizamı, Şərqlə Qərbi birləşdirən Orta Dəhliz kimi layihələrə ciddi zərbə vura bilər. Göründüyü kimi, Ermənistanda seçkilər Ermənistanın yalnız daxili işi olmaqdan çıxaraq regional və beynəlxalq müstəvidə böyük geosiyasi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Nikol Paşinyan qələbə əldə edəcək. Çünki İkinci Qarabağ müharibəsindən əvvəl regionda mürəkkəb siyasi və hərbi vəziyyət mövcud idi. Bu da Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat xətlərinin fəaliyyətinə ciddi maneələr yaradırdı.
Hazırda isə bu problemlərin böyük hissəsi aradan qalxıb. Ermənistan və Azərbaycan arasında sülh prosesi gedir, etimad quruculuğu tədbirləri həyata keçirilir. Bu müstəvidə Rusiya bundan narahatdır və çalışır ki, Ermənistanda yenidən mövqelərini gücləndirsin, Cənubi Qafqazda əsas nəqliyyat yollarına nəzarəti ələ keçirsin və regiondakı siyasi-iqtisadi prosesləri öz nəzarəti altına alsın".