Dövlət qulluğuna qəbul imtahanına 1518 namizəd ərizə təqdim edib

30 Aprel 2026 11:41 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 3-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

DİM-dən SİA-ya bildirilib ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

İmtahanlara qeydiyyat aprelin 2-dən 22-dək aparılıb və bu müddət ərzində 1518 namizəd ərizə təqdim edib.

Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və buraxılış vərəqəsini gətirməlidirlər.

İmtahanlar elektron formada Bakı şəhərində təşkil olunacaq. İmtahanların keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri və 104 nəzarətçi ayrılıb.