Qonşu səs-küy salırsa cərmələnə bilər? - VƏKİL AÇIQLADI

30 Aprel 2026 10:29 (UTC+04:00)

"İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır".

Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, bu norma vətəndaşların rahat istirahət hüququnun qorunmasına, xüsusilə gecə saatlarında ictimai asayişin təmin olunmasına xidmət edir və yaşayış mühitində səs-küyün minimuma endirilməsini hədəfləyir: "Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai məkanlarda gecə vaxtı saat 24:00-dan 07:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini yüksək səslə çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər texniki vasitələri gur səslə işlətməyə, eləcə də məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsullarla pozmağa görə məsuliyyət nəzərdə tutulur. Bu cür hərəkətlər ətraf mühitdə yaşayan insanların dincəlmək hüququna maneə yaradır və sosial narazılığa səbəb ola bilər.

Qanunvericiliyə əsasən, qeyd olunan hallara yol verən fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər isə iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu cərimələr preventiv xarakter daşıyır və vətəndaşların davranışlarına təsir etməklə hüquq pozuntularının qarşısını almağa yönəlib.

Eyni zamanda, bu maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Bu isə o deməkdir ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda hüquq mühafizə orqanlarına müraciət edə və qanun çərçivəsində tədbir görülməsini tələb edə bilərlər".