Sahibkarlar gününə həsr edilmiş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib -YENİLƏNİB

29 Aprel 2026 17:02 (UTC+04:00)

Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib.

SİA xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad olunub. Həmçinin Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi anılıb, “Əbədi Məşəl” kompleksinə əklil qoyulub.

Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, sahibkar birliklərinin nümayəndələri və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisin deputatı Azər Əmiraslanov və digər rəsmilər ölkə iqtisadiyyatının inkişafında özəl sektorun rolunu vurğulayıblar. Bildirilib ki, sahibkarlığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir, qanunvericilik bazası təkmilləşdirilir, biznes mühiti yaxşılaşdırılır və sahibkarlara maliyyə dəstəyi genişləndirilir.

Qeyd olunub ki, kiçik və orta biznesin inkişafı iqtisadi artımın əsas amillərindən biridir və dövlət-özəl sektor əməkdaşlığı davamlı şəkildə genişlənir.
Tədbirdə sahibkarlığın inkişafına həsr olunmuş film nümayiş etdirilib.

Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub. Tədbir bədii hissə ilə başa çatıb.

Xatırladaq ki, 2016-cı il 21 aprel tarixli sərəncama əsasən, hər il 25 aprel Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd olunur.