“Tədbirlərin mərkəzində vətəndaşların sosial rifahını qoruyan dövlət siyasəti dayanır“ -DEPUTAT DANIŞDI

29 Aprel 2026 16:42 (UTC+04:00)

“Sel və daşqınların zərərli təsirlərinə qarşı mübarizə və vurulmuş ziyanın aradan qaldırılması ilk gündən cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı altına alındı. İmzalanan bu sərəncam isə göstərir ki, vətəndaşların təhlükəsizliyinin qorunması, həmçinin onlara dəyən maddi və mənəvi ziyanın ödənilməsi dövlət başçısının həyata keçirdiyi real siyasətin nəticəsidir”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Onun sözlərinə görə, eyni zamanda onu təsdiq edir ki, cənab Prezident İlham Əliyev hər zaman vətəndaşlara humanist yanaşma sərgiləyir:

”Şübhəsiz, bu prosesdə vətəndaşların da üzərinə müəyyən məsuliyyət düşür. Lakin aydındır ki, dəymiş ziyanın tam şəkildə vətəndaşların öz hesabına qarşılanması mümkün deyil. Bu reallığı nəzərə alan dövlət sistemli fəaliyyət göstərərək proseslərə operativ müdaxilə etdi.

Bu kimi hallarda infrastrukturun bərpasının, təmir-tikinti işlərinin həyata keçirilməsinin təxirə salınmadan və tam təmin edilməsi mühüm məsələdir. İmzalanmış sərəncam nəticəsində həm Bakı şəhərində, həm də Azərbaycanın digər regionlarında güclü leysan yağışlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində konkret addımlar atılacaqdır. Bu tədbirlərin mərkəzində isə vətəndaşların sosial rifahının qorunmasına yönəlmiş dövlət siyasəti dayanır”.