Avtobusda ödəniş etməməyin cəzası: kim, nə qədər cərimə olunur? - VƏKİL AÇIQLADI

29 Aprel 2026 13:47 (UTC+04:00)

Gündəlik həyatımızda ictimai nəqliyyatdan istifadə edən minlərlə insan üçün qaydalar bəzən diqqətdən kənarda qalır. Xüsusilə avtobuslarda gediş haqqının ödənilməsi ilə bağlı tələblər sadə görünsə də, bu məsələ qanunvericiliklə ciddi şəkildə tənzimlənir. Bəzən sərnişinlər ödəniş etmədən hərəkət etməyin nəticələrinin nə ola biləcəyini nəzərə almır, halbuki bu, inzibati məsuliyyət yaradır və cərimə ilə nəticələnə bilər.

Vəkil Amid Əsgərov SİA-ya bildirib ki, bəli, avtobuslarda gediş haqqını ödəməyən şəxslər cərimə edilə bilər:

“Bu məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 319.1-ci maddəsinə əsasən şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə - 5 manat;

319.2. Şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin biletsiz getməyə görə- 15 manat məbləğində;

319.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişin biletsiz getməyə görə- 25 manat məbləğində cərimə edilə bilər”.

Ayşən Vəli