KOB-ların yaratdığı əlavə dəyərin həcmi iki dəfədən çox artaraq 10 milyard manatdan 21 milyard manata çatıb. KOB sektorunda məşğulluq göstəricisində isə 47 faiz artım qeydə alınıb.
SİA xəbər verir ki, bu sözləri Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və ASK-nın təşkilatçılığı ilə “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
O qeyd edib ki, Sahibkarlarla davamlı kommunikasiya dövlətin strateji fəaliyyət gündəliyinin əsas istiqamətlərindən biridir. Bu çərçivədə keçirilən sahəvi görüşlər, regional müzakirələr, sorğular və birbaşa biznes səfərləri nəticəsində sahibkarların ehtiyacları öyrənilərək ünvanlı dəstək mexanizmləri formalaşdırılıb. Bu mexanizmlərdən ümumilikdə 70 minə yaxın KOB subyekti və sahibkarlığa başlamaq istəyən şəxslər faydalanıb.
Eyni zamanda, KOB sektorunun inkişafı üçün bir sıra institusional yeniliklər də həyata keçirilib. Bunlara KOB Dostu şəbəkəsinin yaradılması, KOB İnkişaf Mərkəzləri, Model Müəssisə çərçivəsində dövlət–universitet–özəl sektor əməkdaşlığı və “vahid qapı” prinsipi əsasında KOB Evinin yaradılması daxildir.
Qeyd olunub ki, KOB Evi modeli beynəlxalq səviyyədə innovativ idarəetmə nümunəsi kimi tanınıb və bir sıra ölkələr onun tətbiqinə maraq göstərib. Martın 19-da Gəncə şəhərində sayca 5-ci KOB Evi sahibkarların istifadəsinə verilib. İndiyədək KOB evlərində 1,5 milyondan çox xidmət göstərilib. Bundan əlavə, KOB Evinin rəqəmsal versiyası olan e-KOB evi portalı da istifadəyə verilib.