“KOB subyektlərinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir” -ORXAN MƏMMƏDOV

29 Aprel 2026 13:32 (UTC+04:00)

Azərbaycan Respublikasında sahibkarlığın inkişafının dəstəklənməsi və xüsusilə kiçik və orta biznes subyektlərinin (KOB) gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm nəticələri açıqlanıb.

SİA xəbər verir ki, bu sözləri Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və ASK-nın təşkilatçılığı ilə “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
O qeyd edib ki, Heydər Əliyev irsinin davamı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da sosial sahədə həyata keçirdiyi çoxşaxəli fəaliyyət çərçivəsində aztəminatlı və sosial cəhətdən həssas qruplara göstərilən diqqət ölkənin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verir.

Qeyd olunub ki, ölkədə özəl sektorun, xüsusilə KOB subyektlərinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 2018-ci ildən KOB-ların yeni bölgü meyarlarının tətbiqi və KOBİA-nın fəaliyyətə başlamasından sonra bu sektor əhəmiyyətli dərəcədə genişlənib. Son 6 il ərzində KOB subyektlərinin sayı təxminən 74 faiz artaraq 424 mindən çox olub.