"Son dövrlərdə Azərbaycan dövlət başçısının Şərqi Avropa ölkələri ilə ardıcıl keçirdiyi görüşlər göstərir ki, ölkənin xarici siyasəti yalnız ayrı-ayrı dövlətlərlə deyil, bütövlükdə regionlar üzrə sistemli şəkildə qurulub".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.
.jpg)
O bildirib ki, Çexiya Baş nazirinin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır: "Səfər çərçivəsində liderlərin birgə mətbuat açıqlamaları və səsləndirilən fikirlər onu deməyə əsas verir ki, Azərbaycan–Çexiya əməkdaşlığı Şərqi Avropa istiqamətində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. İki ölkə arasında ticarət dövriyyəsinin 800 milyon ABŞ dollarını aşması və Çexiyanın enerji təminatında Azərbaycanın mühüm rol oynaması bu əməkdaşlığın real iqtisadi əsaslara söykəndiyini göstərir.
Eyni zamanda, qarşılıqlı səfərlərin davamlı xarakter alması, o cümlədən Azərbaycan Prezidentinin Çexiyaya dəvət olunması münasibətlərin daha da dərinləşdirilməsi üçün yeni mərhələnin başlandığını göstərir. Bu proses çərçivəsində yeni sənədlərin imzalanması və əməkdaşlığın genişləndirilməsi gözlənilir.
Səfər zamanı biznes forumunun keçirilməsi isə onu göstərir ki, əlaqələr yalnız dövlət qurumları ilə məhdudlaşmır, eyni zamanda biznes dairələri arasında da əməkdaşlıq sürətlə inkişaf edir.
Ümumilikdə, bəzi Qərbi Avropa ölkələrinin, xüsusilə Belçika və Niderland kimi dövlətlərin zaman-zaman sərgilədiyi tənqidi mövqelərə baxmayaraq, Azərbaycanın həm Şərqi Avropa, həm də digər Avropa ölkələri ilə strateji əməkdaşlığı ölkənin Avropa İttifaqı ilə münasibətlərinin sabit və dinamik inkişaf etdiyini nümayiş etdirir".