Dövlət tərəfindən əmək bazarının inkişafı və sahibkarlığın dəstəklənməsi məqsədilə 2020-ci ildən etibarən həyata keçirilən proqram çərçivəsində 1 600-ə yaxın müəssisə ilə əməkdaşlıq qurulmuş, sosial sığorta haqlarının bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması mexanizmi tətbiq edilmişdir. Bu yanaşma sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına və formal məşğulluğun genişlənməsinə xidmət edir.
SİA xəbər verir ki, bu sözləri Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və ASK-nın təşkilatçılığı ilə “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev deyib.
Nazir qeyd edib ki, Sahibkarlığın inkişafına əlavə dəstək məqsədilə işğaldan azad edilmiş ərazilərdə və digər regionlarda müxtəlif təşviq mexanizmləri tətbiq olunur. Bu ərazilərdə fəaliyyət göstərən sahibkarların və işəgötürənlərin sosial sığorta ödənişlərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması iqtisadi aktivliyin artırılması və regionların reinteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.
Son illərdə əmək münasibətləri sahəsində rəqəmsal texnologiyaların tətbiqi də nəzərəçarpacaq dərəcədə genişlənmişdir. “Əmək və Məşğulluq” altsistemi vasitəsilə işəgötürənlər və işçilər arasında elektron əmək müqavilələrinin bağlanması, eləcə də rəqəmsal kadr uçotu sisteminin tətbiqi əmək münasibətlərində şəffaflığın və operativliyin artırılmasına şərait yaradır. Hazırda əmək müqavilələrinin təxminən 97%-nin elektron qaydada rəsmiləşdirilməsi bu prosesin yüksək səviyyədə rəqəmsallaşdığını göstərir.