“2026-cı ilin ilk günlərində 157 işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib” - ANAR ƏLİYEV

29 Aprel 2026 11:59 (UTC+04:00)

Şəxsi sektor ilə vətəndaşlar arasında birbaşa əlaqələrin qurulması, məlumat mübadiləsinin səmərəli təşkili və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkənin müxtəlif regionlarında mütəmadi olaraq əmək yarmarkaları təşkil olunur. Bu yarmarkalar əmək bazarında şəffaflığın artırılmasına və işaxtaranların real iş imkanlarına çıxışının asanlaşdırılmasına xidmət edən mühüm mexanizmlərdən biri kimi çıxış edir.

SİA xəbər verir ki, bu sözləri Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və ASK-nın təşkilatçılığı ilə “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev deyib.

Onun sözlərinə görə, 2026-cı ilin ilk günlərində ölkə üzrə 157 işəgötürənin iştirakı ilə 100 əmək yarmarkasının keçirilməsi və təxminən 4 000 nəfərin bu proseslərdə iştirakının təmin olunması əmək bazarında fəallığın artdığını göstərir. Bu göstəricilər dövlətin məşğulluq siyasətinin praktiki nəticələrini və əmək bazarında inteqrasiya proseslərinin genişləndiyini əks etdirir.