"Uşaqlarda sakitlik siqnal ola bilər" - PSİXOLOQ DANIŞDI

29 Aprel 2026 10:49 (UTC+04:00)

"Çox sakit uşaqları ümumiyyətlə iki qrupa ayırmaq olar. Birinci qrup təbii temperamentinə görə sakit olan uşaqlardır. Onlar doğuşdan daha müşahidəçi, analiz etməyə meyilli, sakit və seçici ünsiyyət quran uşaqlardır".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, belə uşaqlar adətən hər kəslə deyil, özlərini rahat hiss etdikləri insanlarla ünsiyyət qururlar, daha çox dinləyir və müşahidə edirlər: "Bu isə tamamilə normal və sağlam inkişafın bir formasıdır.

İkinci qrup isə narahatlıq yaradan sakitlikdir. Bu halda uşağın susqunluğu özgüvənsizlik, sosial mühitə uyğunlaşa bilməmək, öz hisslərini ifadə etməkdə çətinlik kimi problemlərlə bağlı olur. Belə uşaqlar məktəbdə zorakılığa, yəni bullyingə daha çox məruz qala bilər, ailədə öz istəklərini ifadə etməkdə çətinlik çəkə bilər və tez-tez başqalarının təsiri altına düşə bilərlər.

Əgər uşaq çox az danışırsa, fikrini bildirmirsə, fəaliyyətlərə qoşulmaqdan çəkinirsə və problemlərini içində saxlayırsa, bu artıq diqqət tələb edən bir vəziyyətdir. Çünki bu cür davranışlar gələcəkdə özünəqapanma, özgüvənsizlik və sosial adaptasiya problemlərinə səbəb ola bilər.

Hər sakit uşaq problemli deyil. Əsas məsələ odur ki, bu sakitliyin səbəbi düzgün qiymətləndirilsin. Əgər bu, təbii temperamentdirsə, bu normaldır. Amma əgər bu sakitlik uşağın özünü ifadə edə bilməməsindən və ya qorxularından qaynaqlanırsa, o zaman mütləq diqqət və dəstək göstərilməlidir".