"Akademik Zərifə Əliyevanın fəaliyyəti Azərbaycan tibb elminin inkişaf tarixində bütövlükdə oftalmologiya məktəbi formalaşdırmışdır. Zərifə xanımın adı Azərbaycan oftalmologiyasının inkişafı ilə bağlıdır və bu sahədə qoyduğu elmi irs bu gün də aktuallığını qoruyur".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.

Onun sözlərinə görə, Zərifə xanımın fəaliyyəti sırf nəzəri yanaşmalarla məhdudlaşmırdı: "Zərifə xanım, praktik tibb ilə elmi tədqiqatı vəhdətləşdirərək müsbət nəticələrə nail olmuş alim idi. Xüsusilə istehsalatla bağlı göz xəstəliklərinin öyrənilməsi, peşə patologiyalarının diaqnostika və müalicəsi istiqamətində apardığı araşdırmalar Azərbaycan üçün ümumilikdə sovet məkanında mühüm yeniliklər hesab olunurdu. Bütün bunlar sistemli və məqsədyönlü elmi fəaliyyətin nəticəsi idi.
Zərifə xanım Əliyevanın adını daşıyan tibb müəssisələri, elmi konfranslar, gənc həkimlərin yetişdirilməsi istiqamətində həyata keçirilən proqramlar onun xanım irsinin davam etdiyini göstərir. Azərbaycan səhiyyə sistemində oftalmologiya sahəsinin müasir tələblərə uyğun yenilənməsi Zərifə xanımın məktəbinin davamıdır.
Zərifə Əliyevanın timsalında biz həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalını görürük. Onun insanlara yanaşması, həkim məsuliyyətinə verdiyi önəm bu gün də gənc nəsil üçün nümunədir. Zərifə xanım Əliyevanın qoyduğu yol yaşayır və Azərbaycan tibb elmi bu möhkəm təməl üzərində irəliləməkdədir.
Akademik Zərifə Əliyevanın parlaq obrazı xalqımızın yaddaşında həm də Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, sadiq silahdaşı və mənəvi dayağı kimi həkk olunub. Ümummilli Lider Heydər Əliyev hər zaman Zərifə xanımın intellektini, daxili mədəniyyətini və ona olan sonsuz ehtiramını yüksək qiymətləndirərək qeyd edirdi ki, onun həyatındakı uğurlarda Zərifə xanımın ailə daxilində yaratdığı mənəvi mühitin böyük rolu olub. Bu sevgi və hörmət iki şəxsin münasibəti olmaqla yanaşı, həm də Azərbaycan ailə modelinin ən ali örnəyi kimi tarixə düşüb.
Zərifə xanım Əliyevanın Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də onun müqəddəs ana simasında təcəlli edən böyük tərbiyə məktəbidir. O, həm görkəmli alim idi, həm də xalqına sadiq, vətənpərvər və polad iradəli bir övlad bəxş edən uca Ana! Cənab Prezident İlham Əliyevin şəxsiyyətində gördüyümüz yüksək diplomatik mədəniyyət, humanizm və qətiyyət məhz Zərifə xanımın ana qəlbindən süzülüb gələn nəcabətin, mənəvi saflığın və daxili intizamın bəhrəsidir.
Zərifə xanımın tərbiyəsi ilə boya-başa çatmış bir övladın, Müzəffər Ali Baş Komandanın bu gün həyata keçirdiyi siyasət, ümumilikdə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə məhdudlaşmır, həm də ümumbəşəri dəyərlərə xidmət edir. Cənab Prezident İlham Əliyevin qlobal miqyasda sülh, multikulturalizm və beynəlxalq həmrəylik naminə atdığı addımlar, onun Zərifə xanımdan miras qalan insani keyfiyyətləri dövlət idarəçiliyi müstəvisinə daşıdığının sübutudur. Hüç şübhəsiz ki, bu günlərdə Möhtərəm Prezident cənab İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi də bütün bunlara bariz nümunədir.
Bu irsin davamlılığını təmin etmək məqsədilə Cənab Prezident Zərifə xanımın adının yaşadılması üçün möhtəşəm layihələrə imza atıb. Müasir standartlara cavab verən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, onun adını daşıyan lisey və elmi müəssisələr tibbi ocaqlarla yanaşı, Zərifə xanım Əliyevanın işıqlı dünyasını, onun ”insanlara nur bəxş etmək” fəlsəfəsini gələcək nəsillərə ötürən mənəviyyat mərkəzləridir. Beləliklə, Zərifə xanımın əkdiyi xeyirxahlıq toxumları bu gün dövlət rəhbərinin fəaliyyətində həm milli, həm də bəşəri faydalar verən uca bir çinara çevrilməkdədir".