Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar “İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları” mövzusunda konfrans təşkil edib.
SİA xəbər verir ki, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatların əmək münasibətlərini də əhatə etdiyini bildirib. O, əmək müqavilələrinin sayında artım, əmək münasibətlərinin rəqəmsallaşdırılması və “Əmək və Məşğulluq” altsisteminin bu sahədə səmərəli nəzarətin təmin olunmasına verdiyi töhfələrdən danışıb.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə özəl sektorun inkişafı, yeni iş yerlərinin yaradılması və əmək münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işləri diqqətə çatdırıb, əməyin mühafizəsinin əhəmiyyətini vurğulayıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev konfransın Beynəlxalq Əmək Təşkilatının 2026-cı il üçün müəyyən etdiyi devizlə əlaqəli olduğunu qeyd edib. O bildirib ki, psixososial risklərin düzgün idarə olunması müasir əmək münasibətlərinin əsas tələblərindəndir və bu amillər iş məhsuldarlığına birbaşa təsir göstərir.
Çıxışlarda son illərdə əməyin mühafizəsi sahəsində rəqəmsal nəzarət sistemlərinin tətbiqi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı kimi məsələlərə də toxunulub. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər, eləcə də “DOST Müfəttiş” və “Nümunəvi müəssisə” layihələrinin əhəmiyyəti qeyd olunub.
Konfransda həmçinin müxtəlif qurumların nümayəndələri – o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi Katibliyi, Milli Məclisin komitəsi, KOBİA, Beynəlxalq Əmək Təşkilatı və Türkiyə səfirliyinin əmək və sosial müdafiə müşaviri çıxış edərək təhlükəsiz və sağlam iş mühitinin vacibliyini vurğulayıblar.
Tədbir çərçivəsində əməyin mühafizəsi sahəsində görülən işləri əks etdirən videoçarx nümayiş olunub, nümunəvi fəaliyyət göstərən işəgötürənlər və ESG prinsiplərinə töhfə verən iştirakçılar mükafatlandırılıb.