"Bu gün artıq təkcə Bakı şəhərində deyil, digər bölgələrdə də şəhər mobilliyi layihələri həyata keçirilir. Xüsusilə Xankəndi şəhərində bu layihələrin reallaşdırılması həm yerli sakinlər, həm də turistlər üçün ictimai nəqliyyatdan istifadəni daha rahat və əlçatan edir".
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, bu cür layihələr şəhər həyatının müasir tələblərə uyğun qurulmasına, nəqliyyatın daha səmərəli təşkilinə və urbanizasiya prosesinin düzgün istiqamətdə inkişafına xidmət edir: "Əsas fərq ondan ibarətdir ki, Xankəndidə nəqliyyat infrastrukturu demək olar ki, sıfırdan qurulur. Bu isə şəhərin əvvəlcədən avtomobil yönümlü deyil, məhz ictimai nəqliyyat yönümlü planlaşdırılmasına imkan yaradır. Belə yanaşma gələcəkdə həm piyadalar, həm də digər yol hərəkəti iştirakçıları üçün daha təhlükəsiz və rahat mühit formalaşdıracaq. Eyni zamanda, bu model sonradan yarana biləcək tıxac, nəqliyyat sıxlığı və ekoloji yüklənmə kimi problemlərin qarşısının alınması baxımından da mühüm əhəmiyyət daşıyır.
Bu layihələrin əsas üstünlüklərindən biri də şəhər daxilində hərəkətin daha səmərəli təşkili ilə bağlıdır. Müasir ictimai nəqliyyat sisteminin qurulması sakinlərin gündəlik hərəkət imkanlarını genişləndirir, vaxt itkisinin azalmasına və xidmətlərə çıxışın asanlaşmasına şərait yaradır. Bu, xüsusilə yenidən məskunlaşan əhali üçün sosial həyatın bərpası baxımından vacib amildir.
Eyni zamanda, bu infrastruktur Xankəndiyə qayıdan sakinlərin gündəlik həyatını da xeyli asanlaşdırır. Şəhər daxilində hərəkət, məktəblərə, iş yerlərinə və digər məntəqələrə çatım daha sistemli və sürətli şəkildə təşkil olunur. Bu isə təkcə nəqliyyat rahatlığı deyil, həm də şəhərin dayanıqlı inkişafı, sosial inteqrasiya və müasir yaşayış modelinin formalaşması baxımından mühüm rol oynayır.
Xankəndidə bu yanaşmanın tətbiqi onu göstərir ki, burada təkcə infrastruktur quruculuğu deyil, eyni zamanda gələcəyin şəhər modeli formalaşdırılır. Bu isə şəhərin uzunmüddətli inkişafı üçün mühüm əsas yaradır".