“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanat bir daha göstərir ki, Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini davamlı şəkildə möhkəmləndirir”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Çexiya arasında formalaşmış fəal siyasi dialoq münasibətlərin yüksək dinamika ilə inkişaf etdiyini açıq şəkildə nümayiş etdirir:
”İlk görüşün məhsuldar keçməsi, həm ikitərəfli, həm regional, həm də qlobal məsələlər üzrə geniş fikir mübadiləsinin aparılması tərəflər arasında qarşılıqlı etimadın və strateji baxışların üst-üstə düşdüyünü təsdiqləyir.
İqtisadi əməkdaşlıq istiqamətində səsləndirilən fikirlər xüsusi əhəmiyyət kəsb edir. Ticarət dövriyyəsinin artıq 800 milyon dolları ötərək artım dinamikası nümayiş etdirməsi müsbət göstəricidir. Bununla yanaşı, ticarətin strukturunun daha balanslı və şaxələndirilmiş formada inkişaf etdirilməsi ilə bağlı hədəflər gələcək əməkdaşlığın əsas prioritetlərindən biri kimi diqqət çəkir. Çexiyadan gəlmiş geniş iş adamları heyətinin iştirakı ilə keçirilən biznes-forum isə yeni iqtisadi tərəfdaşlıqların qurulmasına real zəmin yaradır.
Energetika sahəsində əməkdaşlıq Azərbaycan-Çexiya münasibətlərinin aparıcı istiqamətlərindən biri olaraq qalır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol, ölkəmizin etibarlı enerji təchizatçısı kimi qəbul edilməsi bir daha təsdiqlənir. Azərbaycan qazının artıq 16 ölkəyə ixrac olunması, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin bu siyahıda üstünlük təşkil etməsi ölkəmizin enerji diplomatiyasının uğurlu nəticəsidir.
Bununla yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılan müzakirələr xüsusi önəm daşıyır. Çexiyanın bu sahədə zəngin təcrübəsi ilə Azərbaycanın artan istehsal potensialının birləşdirilməsi gələcəkdə birgə layihələrin həyata keçirilməsinə və müdafiə sənayesində yeni mərhələnin başlanmasına zəmin yaradır.
Eyni zamanda, hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı əldə olunan razılaşmalar münasibətlərin institusional əsaslarının daha da gücləndirilməsinə xidmət edəcək.
Hesab edirəm ki, Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir və qarşıda duran perspektivlər olduqca geniş və ümidvericidir. Azərbaycan bu kimi tərəfdaşlıqlar vasitəsilə həm regionda, həm də qlobal miqyasda öz mövqeyini daha da möhkəmləndirməkdə davam edir”.