“Maliyyə savadlılığının aşağı olması borclanmanı artırır” - EKSPERT DANIŞDI

28 Aprel 2026 12:59 (UTC+04:00)

“Müasir dövrdə istehlak davranışlarında müşahidə olunan mühüm tendensiyalardan biri kiçik məbləğli xərclərin belə kredit, taksit və “sonra ödə” mexanizmləri vasitəsilə qarşılanmasıdır. Bu hal təsadüfi deyil və cəmiyyətdə mövcud olan bir sıra dərin sosial-iqtisadi problemlərin göstəricisi kimi qiymətləndirilə bilər”.
Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, ilk növbədə, gəlirlərlə xərclər arasında balansın pozulması diqqət çəkir:

” Əhalinin əhəmiyyətli hissəsi üçün əməkhaqqı əsas ehtiyacların – ərzaq, dərman, kommunal xidmətlər və nəqliyyat xərclərinin – ödənilməsinə yönəlir və bu, yığım imkanlarını minimuma endirir. Nəticədə, hətta kiçik məbləğli gündəlik xərclər belə kredit alətləri vasitəsilə maliyyələşdirilir ki, bu da yoxsulluğun dolayı şəkildə kompensasiya olunması kimi çıxış edir.

Digər mühüm amil maliyyə savadlılığının aşağı səviyyədə olması və borclanmaya meylli istehlak mədəniyyətinin formalaşmasıdır. Müasir maliyyə institutları və rəqəmsal platformalar kreditə çıxışı maksimum sadələşdirmiş, “ani kredit” modellərini geniş yaymışdır. Bu isə faiz dərəcələrinin və uzunmüddətli öhdəliklərin lazımi səviyyədə qiymətləndirilməməsinə səbəb olur. Nəticədə borc yükü artaraq “borc dövriyyəsi” fenomenini yaradır.

Eyni zamanda, əhalinin gözlənilməz xərclərə qarşı maliyyə dayanıqlığının zəif olması da bu prosesi sürətləndirən amillərdəndir. “Qara gün” üçün yığımın olmaması və ya məhdud olması fövqəladə hallarda – məişət texnikasının sıradan çıxması, tibbi xərclər və ya təhsil xərcləri zamanı kreditdən istifadəni qaçılmaz edir.

Bununla yanaşı, istehlak təzyiqi və sosial müqayisə amili də mühüm rol oynayır. Sosial şəbəkələr və reklam mühiti fərdləri gəlirlərindən artıq xərcləməyə təşviq edir, nəticədə istehlak davranışı rasional çərçivədən çıxaraq sosial statusun nümayişinə yönəlir. Bu isə kreditin yalnız ehtiyac üçün deyil, həm də prestij məqsədilə istifadə olunmasına səbəb olur.

Digər tərəfdən, inflyasiya prosesləri də ailə büdcəsinə ciddi təsir göstərir. Xüsusilə ərzaq, nəqliyyat və xidmət sektorlarında qiymət artımı əhalinin real alıcılıq qabiliyyətini azaldır. Gəlirlərin bu artıma adekvat şəkildə yüksəlməməsi büdcə kəsiri yaradır və kredit bu kəsirin kompensasiya vasitəsinə çevrilir.

Cəmiyyətdə “borc asılılığı” kimi xarakterizə olunan vəziyyət formalaşır. Bu hal yalnız fərdi maliyyə sabitliyini deyil, ümumilikdə sosial rifahı da risk altına alır. Borc yükünün artması vətəndaşların maliyyə azadlığını məhdudlaşdırır və onları uzunmüddətli öhdəliklər qarşısında həssas edir.

Kiçik məbləğli xərclərin belə kredit vasitəsilə qarşılanması yoxsulluq, maliyyə qeyri-sabitliyi və gələcəyə inamın zəifləməsi kimi fundamental problemlərin indikatoru kimi çıxış edir. Sağlam iqtisadi modeldə kredit əsasən investisiya xarakterli məqsədlər – mənzil, biznes və iri alışlar üçün nəzərdə tutulduğu halda, gündəlik istehlakın kreditlə maliyyələşdirilməsi iqtisadi sistemdə struktur disbalansın mövcudluğunu göstərir”.