“Məktəblərdə sosial mühit genişdir, münaqişələr isə ümumi mənzərədə kiçik paya malikdir” - MÜTDA

28 Aprel 2026 12:41 (UTC+04:00)

Ölkədə fəaliyyət göstərən təxminən 4 min ümumtəhsil müəssisəsində orta hesabla 600 şagirdin təhsil aldığını nəzərə alsaq, hər məktəbdə müəllimlər və valideynlər də daxil olmaqla gündəlik 1000-dən çox insanın qarşılıqlı ünsiyyətdə olduğu görünür.

SİA xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, bu miqyas təhsil mühitini geniş sosial platformaya çevirir və burada müəyyən fikir ayrılıqları və münaqişələrin yaranması qaçılmazdır.

Eşqi Bağırov qeyd edib ki, 1,5 milyondan artıq şagird kontingenti fonunda münaqişələrdə iştirak edənlərin sayı olduqca kiçik bir hissəni təşkil edir və ictimaiyyət daha çox məhz baş vermiş ayrı-ayrı hadisələrə diqqət yetirir.

Onun sözlərinə görə, bir çox hallarda məktəblərdə müəllimlərin, psixoloqların və valideynlərin operativ müdaxiləsi ilə potensial münaqişələr böyümədən həll olunur.

Agentlik rəhbəri təhsil işçilərinin fəaliyyətini yüksək qiymətləndirərək onların əməyinə ictimai dəstəyin vacibliyini vurğulayıb.

O əlavə edib ki, gələcəkdə profilaktik tədbirlərin genişləndirilməsi, psixoloji xidmətlərin gücləndirilməsi və məktəb-valideyn əməkdaşlığının inkişafı əsas prioritetlərdən olacaq.

Eşqi Bağırov bildirib ki, Daxili İşlər Nazirliyi və aidiyyəti qurumlarla birgə məktəblərdə mütəmadi reydlər keçirilir və qadağan olunmuş əşyaların aşkar edilməsi halları ciddi nəzarətdə saxlanılır.