"Ukrayna-Azərbaycan münasibətlərinin gələcək inkişaf perspektivləri çoxşaxəlidir" - ŞƏRH

28 Aprel 2026 12:36 (UTC+04:00)

"Ukrayna-Azərbaycan münasibətləri böyük perspektivlərə malik olan və qədim tarixdən gələn qarşılıqlı hörmətə əsaslanan münasibətlərdir. Bu gün isə iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi üçün əlavə imkanlar yaranıb".

Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu imkanlar, ilk növbədə, hər iki ölkənin hərbi sənayesi arasında əlaqələrin dərinləşdirilməsi və birgə hərbi iqtisadiyyatın qurulması perspektivlərinin yüksək olması ilə bağlıdır:

"Çünki Azərbaycan müasir texnoloji vasitələr hesabına öz təhlükəsizliyini təmin etməyi bacarıb. Ukrayna isə müharibə təcrübəsi nəticəsində təhlükəsizlik və müdafiə sahəsində mühüm nailiyyətlər əldə edib. Dünyada hərbi sənaye və hərbi iqtisadiyyat geniş bazara malikdir və hər iki ölkə həm təhlükəsizlik, həm də iqtisadi dividendlər baxımından bu bazarda iştirak etməkdə maraqlıdır. Bu bazarda sinxron çıxış etmək üçün əməkdaşlığın gücləndirilməsinə ehtiyac var.

Digər mühüm sahə Azərbaycan və Ukrayna arasında enerji əməkdaşlığıdır. Azərbaycanın ixrac etdiyi qaz Rumıniya və Macarıstan kimi ölkələrə çatır və perspektivdə yeni interkonnektorların qurulması ilə Ukraynanın da Azərbaycan qazına çıxış əldə etməsi mümkündür. Bu isə enerji böhranı yaşayan Ukrayna üçün real alternativlərdən biri hesab olunur.

Kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Ukrayna münbit torpaqlara və böyük kənd təsərrüfatı potensialına malikdir. Azərbaycan isə xüsusilə ərzaqlıq buğdaya ehtiyac duyur. Ölkənin torpaq-iqlim şəraiti buğda istehsalını tam təmin etmədiyi üçün Ukrayna ilə bu sahədə əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər.

Bundan əlavə, Azərbaycanın regionda artan nüfuzu və diplomatik mərkəzlərdən birinə çevrilməsi Ukraynanın diqqətindən yayınmayıb. Bu baxımdan, Azərbaycanın Rusiya və Ukrayna arasında mümkün sülh danışıqlarına ev sahibliyi edə biləcəyi ehtimalı da zaman-zaman gündəmə gəlir. Bütün bu amillər göstərir ki, Ukrayna-Azərbaycan münasibətlərinin gələcək inkişaf perspektivləri kifayət qədər geniş və çoxşaxəlidir".