Məktəblərin təmir ehtiyacları və ümumi infrastruktur vəziyyəti ilə bağlı geniş təhlillər aparılır və bu prosesdə müasir texnologiyalar, o cümlədən süni intellekt əsaslı qiymətləndirmə alətlərindən istifadə olunur.
SİA xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, əldə olunan nəticələr əsasında ölkədə təhsil infrastrukturunun inkişafı üzrə prioritetlər müəyyən edilir və planlı siyasət formalaşdırılır.
Eşqi Bağırov qeyd edib ki, ölkə üzrə təxminən 4 min məktəb və 1500-ə yaxın məktəbəqədər təhsil müəssisəsi barədə ətraflı məlumat bazası mövcuddur və bu sahədə məlumat çatışmazlığı yoxdur.
Onun sözlərinə görə, hər il 700–800 təhsil müəssisəsində müxtəlif səviyyəli təmir işləri aparılır, eyni zamanda yeni məktəb binaları tikilərək istifadəyə verilir.
Agentlik direktoru əlavə edib ki, bu istiqamətdə görülən işlər ictimaiyyətə mütəmadi olaraq təqdim olunur və xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsləri ilə çoxsaylı məktəb və uşaq bağçaları inşa edilərək istifadəyə verilib.
Eşqi Bağırov vurğulayıb ki, bütün problemlərin eyni anda həlli mümkün deyil və bu səbəbdən qəzalı vəziyyətdə olan məktəblərə prioritet verilməklə mərhələli yanaşma tətbiq olunur.
O bildirib ki, son 10 il ərzində ölkədə məktəb infrastrukturunun 80 faizdən çoxu yenilənib və ya əsaslı təmir edilib.