Son günlər ölkədə çoxmənzilli binalarda istilik sistemləri ilə bağlı mühüm dəyişikliklər müzakirə olunur. Rəsmi açıqlamalara görə, bundan sonra belə binalarda mərkəzləşdirilmiş istilik sisteminin tətbiqi əsas tələb olacaq. Məqsəd enerji səmərəliliyini artırmaq, təhlükəsizliyi yüksəltmək və ekoloji tarazlığa töhfə verməkdir. Bəs bu dəyişikliklər əhalinin təhlükəsizliyinə necə təsir edəcək? Mərkəzləşmiş istilik sistemi daha təhlükəsiz sayılırmı? Binalarda partlayış və dəm qazı zəhərlənməsi riskini azaldacaqmı?
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev SİA-ya açıqlamasında bildirib ki, hündürmərtəbəli yeni binalarda hər mənzilə ayrıca kombi qoyulması dövrü başa çatır:
"Məsələyə texniki təhlükəsizlik tərəfindən baxsaq, 12–16 mərtəbəli binada hər mənzildə bir qaz cihazının olması əslində binanın hər mərtəbəsində ayrıca partlayış və yanğın riski deməkdir. Nazirlər Kabinetinin bu qərarında isə təhlükə hər bir insanın fərdi evindən toplanaraq binanın altında və ya yanında yerləşən, kənar şəxslərin müdaxilə edə bilməyəcəyi vahid mərkəzi qazanxanaya yönləndirilir.
Dünya təcrübəsində, xüsusilə inkişaf etmiş ölkələrə baxsaq, orada çoxdan hündür binaların içində fərdi qaz cihazlarından istifadə olunmur. Çünki həm yanğın təhlükəsizliyi, həm də təbii qaz sızması və dəm qazı riski baxımından mərkəzi sistem ən etibarlı yoldur. Tətbiq olunan yeni qaydalar da məhz bu beynəlxalq təhlükəsizlik standartlarına əsaslanır.
Qərarda fərdi istifadəyə yalnız üç halda icazə verilir: bina 5 mərtəbədən aşağı olduqda, həmin ərazidə qaz olmadıqda və günəş paneli kimi yaşıl enerjidən istifadə edildikdə. Çünki 5 mərtəbəli binada fövqəladə hal baş verərsə, yanğınsöndürənlərin müdaxiləsi və insanların təxliyəsi 12–16 mərtəbəli binalarla müqayisədə daha asandır.
Amma hündürmərtəbəli binalarda hər mənzildə yanma kamerasının olması böyük risk yaradır. Burada ən vacib təhlükəsizlik məqamlarından biri məsuliyyət məsələsidir. Mənzillərdə kombiyə hər kəs fərqli qaydada qulluq edir. Bəzən qeyri-peşəkar şəxslər tərəfindən müdaxilələr olunur, ustasız təmir edilir. Bu da dəm qazı zəhərlənmələrinə və təbii qaz sızmalarına yol açır. Bir mənzildəki səhlənkarlıq bütün binanı təhlükə altına qoyur.
Mərkəzi sistem olduqda isə ona mənzil sahibi yox, sertifikatlı peşəkar mütəxəssislər tərəfindən xidmət göstərilir, texniki baxışlar keçirilir və bütün cihazlar sensorlar və avtomatik söndürmə sistemləri ilə təchiz olunur. Bu sistem qaz sızması zamanı dərhal mərkəzdən bloklanır və kütləvi qəzaların qarşısını alır.
Bir sözlə, bu qərar yeni hündürmərtəbəli binalarda təhlükəsizliyi artırmaq, yanğın, partlayış və qaz sızması hallarını minimuma endirmək məqsədi daşıyır. Ümid edilir ki, bu qərardan sonra istismara verilən yeni binalarda bu cür hadisələrin sayı əhəmiyyətli dərəcədə azalacaq".