Regional məktəb platformasının tətbiqinin genişləndiyi və artıq ölkə üzrə şagirdlərin təxminən yarısının bu sistemdən faydalandığı bildirilib.
SİA xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, bu proses təhsilin rəqəmsallaşdırılması istiqamətində mühüm addımdır və şagirdlərin tədris prosesinə daha çevik çıxışını təmin edir.
Eşqi Bağırov bildirib ki, elektronlaşdırma sahəsində növbəti yenilik 9-cu və 11-ci sinif şagirdlərinə attestatların artıq kağız formada deyil, elektron şəkildə təqdim olunmasıdır.
Onun sözlərinə görə, bu dəyişiklik prosesin daha operativ və şəffaf aparılmasına xidmət edir və gələcəkdə saxtalaşdırma və itki hallarının qarşısını alır.
Agentlik direktoru qeyd edib ki, son illərdə diqqət yetirilən əsas istiqamətlərdən biri də şagird davranış qaydalarının tətbiqidir.
O vurğulayıb ki, əvvəllər pilot layihə kimi tətbiq olunan bu qaydalar artıq bütün məktəblərdə qüvvəyə minib və nizam-intizamın gücləndirilməsinə xidmət edir.
Eşqi Bağırov əlavə edib ki, ölkə üzrə təxminən 4 min məktəbdə 1,5 milyona yaxın şagird təhsil alır və bu geniş sistemdə bəzən arzuolunmaz hallar baş verə bilər.
Onun sözlərinə görə, pedaqoji və inzibati heyətin operativ müdaxiləsi nəticəsində bir çox halların qarşısı vaxtında alınır.
O, müəllim və məktəb kollektivlərinə təşəkkür edərək bildirib ki, məqsəd məktəbdaxili mühitin daha sağlam və effektiv təhsil sisteminin formalaşdırılmasıdır.