Sertifikatlaşdırma prosesində uğur qazanan müəllimlərin əməkhaqqına 10 faiz artım nəzərdə tutulur.
SİA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, bu addım müəllimlərin motivasiyasının artırılması və peşəkar inkişafın stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Eşqi Bağırov qeyd edib ki, sertifikatlaşdırma prosesi bu il ilk dəfə olaraq məktəbəqədər təhsil sahəsini də əhatə edəcək: “Təlim-tərbiyəçilər və metodistlər də bu prosesə cəlb olunacaq”.
Onun sözlərinə görə, ümumilikdə təxminən 12 minə yaxın pedaqoji işçinin sertifikatlaşdırmada iştirakı gözlənilir və proses oktyabr–noyabr aylarında keçiriləcək.
Direktor əlavə edib ki, ümumtəhsil müəssisələri üzrə sertifikatlaşdırma iyunun 17–25-i aralığında keçiriləcək və tarix, təsviri incəsənət, texnologiya, fiziki tərbiyə və musiqi müəllimlərini əhatə edəcək.
Eşqi Bağırov vurğulayıb ki, bütün namizədlərə imtahanla bağlı məlumatlar şəxsi kabinet vasitəsilə əvvəlcədən təqdim olunacaq.
O bildirib ki, məktəbəqədər təhsil işçiləri üçün sertifikatlaşdırma oktyabr ayında təşkil ediləcək və dəqiq tarixlər daha sonra açıqlanacaq.
Direktor həmçinin məktəb direktorlarının seçimi ilə bağlı yeni qaydalara da toxunub: “Namizədlərin peşəkar göstəricilərinə xüsusi önəm verilir”.
Onun sözlərinə görə, artıq müsabiqə və müsahibə mərhələləri aparılıb, nəticələr emal olunur və yaxın zamanda yekun qərarlar açıqlanacaq.
Eşqi Bağırov əlavə edib ki, fevralda elan edilən direktor müsabiqəsinə təxminən 800 namizəd müraciət edib və onlar növbəti mərhələlərə cəlb olunacaqlar.