Hazırda həyata keçirilən layihələr çərçivəsində vətəndaşlar təhsil xidmətlərindən daha aktiv şəkildə faydalanırlar.
SİA xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, ötən il bu xidmətlərdən təxminən 20 min uşaq yararlanıb, cari ildə isə göstəricinin 35 minə çatdırılması planlaşdırılır.
Eşqi Bağırov qeyd edib ki, 2025-ci ildən tətbiq edilən dövlət-özəl tərəfdaşlığı modeli məktəbəqədər təhsil sahəsində yeni imkanlar yaradıb: “Özəl bağçalara müraciət edən valideynlər üçün təhsil haqqının 50 faizi, yəni 250 manatadək hissəsi dövlət tərəfindən qarşılanır”.
O vurğulayıb ki, bu proqram Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir və artıq 4 mindən çox valideyn bu imkandan yararlanıb, proses isə davam edir.
Agentlik direktoru əlavə edib ki, şagirdlərin biliklərinin qiymətləndirilməsi də sistemli şəkildə aparılır: “Hər il 4-cü və 6-cı siniflər üzrə monitorinqlər həyata keçirilir və bu il təxminən 150 min şagirdin qiymətləndirilməsi nəzərdə tutulur”.
Eşqi Bağırov bildirib ki, müəllimlərin sertifikatlaşdırılması prosesi də genişlənir: “İndiyədək 80 mindən çox müəllim bu prosesdən keçib, cari ildə isə bu rəqəmin 100 minə çatdırılması planlaşdırılır”.
O əlavə edib ki, bu il ilk dəfə olaraq yeni fənn müəllimləri də sertifikatlaşdırmaya cəlb olunacaq və ümumilikdə təxminən 20 min müəllimin prosesdə iştirakı gözlənilir.