“Əməyin təhlükəsizliyi və sağlamlığı müasir əmək münasibətlərinin əsas dayaqlarından biri hesab olunur. Bu sahə təkcə iş yerlərində risklərin minimuma endirilməsi ilə məhdudlaşmır, eyni zamanda insan həyatının və sağlamlığının qorunmasına, əmək məhsuldarlığının yüksəldilməsinə, dayanıqlı iş mühitinin formalaşdırılmasına və ümumilikdə sosial-iqtisadi inkişafın gücləndirilməsinə xidmət edir”
SİA xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin baş direktoru Azər Bayramov 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, Beynəlxalq Əmək Təşkilatı-nın məlumatlarına əsasən, hər il dünyada təxminən 2,93 milyon insan iş mühiti və peşə riskləri nəticəsində həyatını itirir. Eyni zamanda, 395 milyondan çox işçi istehsalatla bağlı qeyri-ölümcül xəsarətlər alır. Bu hadisələr qlobal iqtisadiyyata da ciddi təsir göstərir və işlə bağlı qəzalar və xəstəliklər dünya üzrə ümumi daxili məhsulun təxminən 4 faizinə bərabər iqtisadi itkilərə səbəb olur.
Bənzər tendensiyalar İslam Əməkdaşlıq Təşkilatı-na üzv ölkələrdə də müşahidə olunur. Bəzi dövlətlərdə qeyri-ölümcül istehsalat xəsarətlərinin səviyyəsi hər 100 min işçiyə təxminən 3000 hal təşkil edir. Ölümlə nəticələnən hadisələrin göstəricisi nisbətən aşağı olsa da, bu sahədə mövcud vəziyyət əmək təhlükəsizliyi baxımından ciddi çağırış olaraq qalmaqdadır”