BDYPİ nəqliyyat vasitələrini nasazlıq səbəbindən yolda saxlayan sürücülərə çağırış edib

28 Aprel 2026 12:13 (UTC+04:00)

Nasazlıq səbəbindən yolda məcburi dayanan sürücünün digər hərəkət iştirakçılarını xəbərdar etmək niyyəti faydasız olub.

Belə ki, Şəban Həsənov idarə etdiyi “FAW” markalı yük avtomobilində yaranan texniki nasazlıq səbəbindən Yasamal rayonu ərazisindən keçən Kənar Dairəvi yolun 5-ci kilometrində məcburi dayanıb.

Bu barədə SİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib

Bildirlib ki, qanunvericilikdə nəzərdə tutulan təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, təəssüf ki, Ş.Həsənov avtomobilin arxa hissəsində, qısa bir məsafədə yerə 2 əşya düzməklə kifayətlənib, bununla vəzifəsini yerinə yetirdiyini güman edib.

Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Cavadov vəziyyəti gec qiymətləndirib və gəldiyi sürətlə də yük avtomobili ilə toqquşub.

Sükan arxasında diqqətinin yayındığı, yaxud yuxuladığı ehtimal edilən O.Cavadov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

BDYPİ sözügedən hadisənin videogörüntüsünü təqdim etməklə bir daha sürücüləri diqqətli olmağa, qeyd olunan səbəblərdən dəfələrlə ağır faciələrin yaşandığını nəzərə alaraq, qanunla tələb olunan vəzifələri qeyd-şərtsiz yerinə yetirməyə, özlərinin və başqalarının həyat və sağlamlığına biganə qalmamağa çağırır.