"Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş kimi yüksək qiymətləndirir" - ŞƏRH

28 Aprel 2026 11:36 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Çex Respublikasının Baş naziri ilə keçirdiyi görüşün ardından mühüm bəyanat verdi. Görüş iki ölkə arasındakı əlaqələrin getdikcə güclənən dinamikasını bir daha təsdiqlədi. Prezident Əliyev görüşü son dərəcə məhsuldar hesab etdi. Tərəflər regional, ikitərəfli və qlobal əhəmiyyət daşıyan bir sıra məsələlər üzrə geniş fikir mübadiləsi apardılar".

Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Çex Respublikası arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulmuş, 2015-ci ildə isə iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır:

"Bu zəmin üzərində qurulan siyasi əlaqələr bu gün yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Görüş çərçivəsində Çexiyadan böyük bir iş adamları heyəti Azərbaycana gəldi və biznes-forum keçirildi. Prezident Əliyev ticarət dövriyyəsinin 800 milyon dolları keçdiyini vurğulayaraq bu rəqəmi daha da artırmağı hədəf kimi müəyyənləşdirdi. Lakin diqqəti çəkən əsas məqam ticarətin strukturu ilə bağlıdır: hazırda ikitərəfli ticarətdə Azərbaycan nefti üstünlük təşkil edir. Bu baxımdan tərəflər ticarət dövriyyəsinin daha tarazlı quruluşa malik olması üçün konkret iqtisadi və investisiya layihələri müzakirə etdilər. Azərbaycanda hazırda 33 Çexiya investisiyalı kommersiya qurumu qeydiyyatdadır.

Energetika sahəsi ikitərəfli münasibətlərin əsas sütunlarından birini təşkil edir. Azərbaycan nefti Çexiyanın enerji balansında önəmli yer tutur. Bundan əlavə, Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir, bu ölkələrin 10-u Avropa İttifaqı üzvüdür. Tərəflər gələcəkdə qaz sahəsindəki əməkdaşlığı sadə ticarət əməliyyatları səviyyəsindən çıxarıb daha geniş miqyaslı və uzunmüddətli tərəfdaşlıq formatına keçirmək qərarına gəldilər. Avropa İttifaqı da Azərbaycanı bu sahədə etibarlı tərəfdaş kimi yüksək qiymətləndirir".

Görüşdə müzakirə olunan daha bir strateji istiqamət müdafiə sənayesi əməkdaşlığıdır. Azərbaycan uzun illər boyunca Çexiyadan hərbi təyinatlı məhsullar alır. İndi isə tərəflərin diqqəti birgə istehsal layihələrinə yönəlib. Prezident Əliyev bu sahənin gələcəkdə genişmiqyaslı xarakter alacağını, Çexiyanın zəngin müdafiə sənayesi təcrübəsinin isə bu prosesdə mühüm rol oynayacağını vurğuladı.

Görüşün yekunu olaraq Hökumətlərarası Komissiyanın yaxın müddətdə yenidən toplanması barədə razılıq əldə edildi. Komissiyanın indiyədək 5 iclası keçirilmiş, sonuncusu 2023-cü ildə Praqada baş tutmuşdur. Prezident Əliyev bu görüşün iki ölkə arasındakı dostluq və əməkdaşlığın növbəti təsdiqinə çevrildiyini, önündə isə geniş perspektivlər açıldığını bildirdi".