“Azərbaycan-da işçilərin təhlükəsiz və sağlam əmək şəraitində fəaliyyətinin təmin edilməsinə yönəlmiş dövlət siyasəti son illərdə daha da gücləndirilmişdir. Bu siyasətin əsasını insan amilinin prioritet kimi qəbul edilməsi təşkil edir və bu yanaşma ölkədə inklüziv sosial siyasətin formalaşmasına mühüm zəmin yaradır. Dövlətin sosialyönümlü strategiyası əhalinin rifahının yüksəldilməsinə yönəlmiş kompleks tədbirlər sistemi kimi çıxış edir”.
SİA xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Zaur Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları” mövzusunda konfransında deyib.
”Son yeddi il ərzində həyata keçirilmiş beş iri sosial islahat paketi bu siyasətin praktiki nəticəsi kimi qiymətləndirilir. Sözügedən islahatlar əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə əhəmiyyətli artımlarla müşayiət olunmuşdur. Belə ki, minimum əməkhaqqı üç dəfə, orta aylıq əməkhaqqı iki dəfə, minimum pensiya isə təxminən üç dəfə artırılmışdır. Bu artımlar 4 milyondan çox vətəndaşı əhatə etməklə sosial rifahın yüksəldilməsində mühüm rol oynamışdır.
Sosial ədalətin təmin olunması istiqamətində aparılan siyasət eyni zamanda milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması ilə xarakterizə olunur. Bu kontekstdə Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu təşkilat çərçivəsində 60 konvensiya və 1 protokolu ratifikasiya etməklə beynəlxalq əmək standartlarını qəbul edən ölkələr sırasına daxil olmuşdur.
Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində icra edilən ölkə proqramları mühüm nəticələrlə müşayiət olunmuşdur. Xüsusilə iki mərhələli proqramların həyata keçirilməsi zamanı milli inkişaf prioritetlərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edilmişdir. Bu əməkdaşlığın davamı olaraq 2025–2029-cu illəri əhatə edən yeni ölkə proqramı hazırlanmış və 25 noyabr 2025-ci il tarixində imzalanaraq icrasına başlanılmışdır.
Beynəlxalq sənədlərdən irəli gələn prinsip və standartlar əsasında əmək qanunvericiliyinin və əmək münasibətlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilir. Bu proseslər sosial tərəfdaşlıq mexanizmləri çərçivəsində, dövlət, işəgötürən və işçi nümayəndələri arasında dialoq və əməkdaşlıq əsasında həyata keçirilir.
Hazırda Azərbaycan sosial dialoqun inkişafı baxımından regionda mühüm irəliləyişlər əldə edən ölkələrdən biridir. Sosial tərəfdaşlıq institutları 30 sentyabr 2016-cı il tarixli qərarla yaradılmış üçtərəfli komissiya vasitəsilə institusionallaşdırılmış və müntəzəm məsləhətləşmə mexanizmləri ilə gücləndirilmişdir.
Görülən tədbirlər beynəlxalq səviyyədə müsbət qiymətləndirilir və ölkədə əmək münasibətlərinin tənzimlənməsi sahəsində dayanıqlı, müasir və effektiv idarəetmə modelinin formalaşdığını təsdiq edir”