“Son illərdə ölkədə əmək mühafizəsi sahəsində həyata keçirilən islahatlar sistemli xarakter daşıyır. Bu istiqamətdə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, yeni dövlət standartlarının qəbulu, preventiv və profilaktik tədbirlərin genişləndirilməsi, eləcə də rəqəmsal texnologiyaların tətbiqi xüsusi önəm kəsb edir. Bununla yanaşı, maarifləndirmə fəaliyyətləri əmək təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasında əsas vasitələrdən biri kimi çıxış edir”.
SİA xəbər verir ki, bu sözləri Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları” mövzusunda konfransında deyib.
“Statistik göstəricilər də bu sahədə aparılan işlərin miqyasını əyani şəkildə nümayiş etdirir. Belə ki, 2025-ci il ərzində təşkil olunmuş tədbirlərdə 5000-ə yaxın işəgötürən və işçi nümayəndəsinin iştirakı təmin edilmiş, 2026-cı ilin ilk rübündə isə bu göstərici artıq 4500 nəfərə çatmışdır. Sözügedən tədbirlər çərçivəsində əmək mühafizəsi qaydaları, tətbiq olunan standartlar və qüvvədə olan 167 dövlət standartının təşviqi əsas müzakirə predmetinə çevrilmişdir.
Bu kimi platformalar dövlət qurumları, sosial tərəfdaşlar, beynəlxalq təşkilatlar və əmək münasibətlərinin digər iştirakçıları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə, eləcə də əmək mühafizəsinin effektiv idarə olunması istiqamətində elmi-praktik yanaşmaların inkişafına xidmət edir. Bu baxımdan, keçirilən konfransın həm nəzəri, həm də praktiki baxımdan əhəmiyyətli nəticələr verəcəyi gözlənilir”.