Nazirlər Kabineti (NK) 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) 2026-cı il 1 may – 2027-ci il 31 mart tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 205 min ton və 201 min ton yuxarı hədd müəyyən edilib. Həmin dövrdə ölkədə idxal olunan Aİ-92 markalı benzin və dizel yanacağı üzrə aksiz vergisi müvəqqəti olaraq hər ton üçün 1 manat səviyyəsində müəyyən edilib.
Qərarın məqsədi daxili yanacaq bazarında sabitliyin təmin edilməsi və fasiləsiz təchizatın qorunmasıdır. Bununla bağlı NK həmçinin "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə müvafiq dəyişikliklər edib.
Mətləb