"Müasir turizmdə turistlər müxtəlif seqmentlərə ayrılır və onların maraq dairələri, səyahət məqsədləri, yaş qrupları və mədəni fərqlilikləri nəzərə alınaraq turizmin fərqli istiqamətlərindən istifadə edilir. Bu yanaşma turizm sənayesinin daha çevik və rəqabətə davamlı olmasına şərait yaradır".
Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.
.jpg)
Kənan Hənifəyev sözlərinə belə davam edib: "Mədəniyyət və əyləncə turizmi anlayışı turistlərin seçimlərinə birbaşa təsir edən əsas istiqamətlərdən biridir və bu anlayış turistin yaş seqmentindən, sosial statusundan, həmçinin gəldiyi ölkənin mədəni xüsusiyyətlərindən asılı olaraq dəyişir. Eyni zamanda, səyahət edilən ölkənin mədəni irsi, tarixi abidələri və əyləncə imkanlarının turistlərə necə təqdim olunması da onların həmin ölkəni seçməsində mühüm rol oynayır. Turistlər üçün bu iki istiqamətin balanslı şəkildə təqdim edilməsi daha cəlbedici səyahət təcrübəsi yaradır.
Bu iki istiqamətin qlobal turizmdə müəyyən payı mövcuddur və bir çox ölkələr turizm strategiyalarında mədəniyyət və əyləncə komponentlərini paralel şəkildə inkişaf etdirməyə üstünlük verirlər. Çünki bu yanaşma həm turist axınını artırır, həm də ölkənin beynəlxalq imicinə müsbət təsir göstərir.
Müasir turizmin əsas tələblərindən biri də bu iki istiqamətin birləşdirilərək kompleks ekskursiyaların təşkil edilməsidir. Belə yanaşmada mədəniyyət yönümlü turlar sadəcə tarixi və mədəni obyektlərin göstərilməsi ilə məhdudlaşmır, eyni zamanda əyləncə və interaktiv fəaliyyətlərlə zənginləşdirilir. Bu, turistin prosesə daha aktiv şəkildə qoşulmasına imkan yaradır.
Məsələn, mədəniyyət istiqaməti üzrə təşkil edilən ekskursiyalarda yerli adət-ənənələrin nümayişi, interaktiv ustad dərsləri, milli mətbəx nümunələrinin təqdimatı və əyləncəli proqramlar əlavə edilir. Bu cür yanaşma turistin həm məlumatlanmasını, həm də zövq almasını təmin edir. Nəticədə səyahət daha yaddaqalan olur, turistin yorğunluq hissi azalır və ona pozitiv emosional təcrübə qazandırır".