Vəzifəli şəxsin həbsi zamanı hüquqi balans necə müəyyən olunur? - AÇIQLANDI

27 Aprel 2026 15:52 (UTC+04:00)

“Toxunulmazlıq hüququ vəzifəli şəxsə şəxsi imtiyaz vermək məqsədi daşımır. Onun əsas məqsədi həmin şəxsin dövlət funksiyalarını sərbəst və siyasi təzyiq olmadan həyata keçirməsini təmin etməkdir. Buna görə də parlament üzvləri, hakimlər, diplomatlar, prezidentlər və digər yüksək vəzifəli şəxslər müəyyən immunitet rejiminə malik ola bilərlər”.

Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Əlövsət Allahverənov deyib.

O bildirib ki, bu hüquq əsasən iki formada təzahür edir:

”Prosessual toxunulmazlıq – şəxsin tutulması, həbsi, axtarışı və ya cinayət
məsuliyyətinə cəlb olunması üçün xüsusi prosedur tələb olunur;

Funksional toxunulmazlıq – vəzifə səlahiyyətlərini icra edərkən etdiyi rəsmi hərəkətlərə görə məsuliyyət daşımamaq və ya xüsusi qaydada məsuliyyət daşımaq.
Vəzifəli şəxsin həbsi zamanı onun toxunulmazlıq hüququ ilə cinayət təqibinin başlanması arasında hüquqi balans hüquqi dövlət prinsipi, hakimiyyət bölgüsü, vəzifə funksiyalarının maneəsiz icrası və cəzasızlığın qarşısının alınması meyarları əsasında müəyyən olunur. Bu məsələ həm milli hüquqda, həm də beynəlxalq hüquqda xüsusi əhəmiyyət daşıyır. Çünki bir tərəfdən dövlət vəzifəlilərinin əsassız təzyiqdən qorunması tələb olunur, digər tərəfdən isə heç kəs qanundan üstün olmamalıdır.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 11.3-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının keçmiş Prezidenti və onun arvadı (əri), Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Məhkəmə-Hüquq Şurasının üzvləri və Azərbaycan Respublikasının hakimləri barəsində cinayət təqibinin xüsusiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.
Əgər vəzifəli şəxsin ağır cinayət törətməsi barədə əsaslı şübhələr varsa, toxunulmazlıq hüququ cinayət ədalət mühakiməsinin qarşısını alan vasitəyə çevrilməməlidir.

Hüquqi balans burada belə qurulur:

- cinayət faktı barədə kifayət qədər ilkin sübut olmalıdır;
- təqib siyasi motivli olmamalıdır;
- müstəqil istintaq orqanı araşdırma aparmalıdır;
- toxunulmazlığın aradan qaldırılması qanuni prosedurla həyata keçirilməlidir.
Vəzifəli şəxsin həbsi zamanı hüquqi balans belə müəyyən olunur: toxunulmazlıq şəxsi üstünlük deyil, funksional təminatdır, cinayət təqibi isə siyasi qisas vasitəsinə çevrilməməlidir. Buna görə də ən düzgün model, əsaslı şübhə və sübut olduqda, müstəqil orqanların qərarı ilə və qanunda nəzərdə tutulmuş prosedur əsasında toxunulmazlığın məhdudlaşdırılmasıdır”.

Ayşən Vəli