Niyə açıq tipli suallar imtahan nəticələrində daha vacib hesab olunur? - Şöbə müdiri

27 Aprel 2026 13:24 (UTC+04:00)

2022–2023-cü ildən etibarən açıq tipli tapşırıqlar üzrə nəticələrdə artım müşahidə olunur.

SİA xəbər verir ki, bu sözləri DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, bu artım şagirdlərin daha yüksək səviyyəli bacarıqları tədricən mənimsədiyini göstərir.

Könül Hacıyeva qeyd edib ki, açıq tipli suallara münasibət birmənalı olmasa da, bu tapşırıqları yerinə yetirən şagirdlər daha yüksək nəticə göstərirlər.

O vurğulayıb ki, bu tip suallar yüksək və orta səviyyəli şagirdləri fərqləndirmək baxımından daha effektivdir.

DİM nümayəndəsi bildirib ki, qapalı tipli tapşırıqlarda nəticələr daha stabil olsa da, müasir təhsil yanaşması analitik düşünmə və yazılı ifadə bacarıqlarını ön plana çıxarır.

Könül Hacıyeva əlavə edib ki, yeni imtahan modellərində oxuyub-anlama və yazılı ifadə əsas qiymətləndirmə istiqamətləri kimi qəbul edilir.

Onun sözlərinə görə, fikir bildirmə və mətn qurma bacarıqlarını ölçən tapşırıqlar şagirdlərin real dil səviyyəsini daha dəqiq müəyyən etməyə imkan yaradır.