“Son 5 ildə xarici dil göstəricilərində azalma dinamikası müşahidə olunur” - Könül Hacıyeva

27 Aprel 2026 12:04 (UTC+04:00)

2021–2022-ci tədris ilindən etibarən son 5 ilin imtahan nəticələri təhlil olunub və müxtəlif dinamika qeydə alınıb.

SİA xəbər verir ki, bu sözləri DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, təqdim olunan nəticələr 2021–2022-ci ildən başlayaraq 2025–2026-cı tədris ilinə qədər olan dövrü əhatə edir və hər il üzrə şagirdlərin göstəriciləri müqayisə edilib.

Könül Hacıyeva qeyd edib ki, ümumilikdə həm 9 illik, həm də 11 illik səviyyə üzrə xarici dil göstəricilərində müəyyən azalma müşahidə olunur.

O vurğulayıb ki, 2021–2022-ci tədris ili pandemiya dövrünə təsadüf etdiyindən nəticələrə təsir göstərən amillər olub: “Həmin il açıq tipli suallar ya məhdud tətbiq olunub, ya da ümumiyyətlə istifadə edilməyib”.

DİM nümayəndəsi bildirib ki, bu səbəbdən bəzi illərin nəticələri arasında müqayisə aparılarkən metodoloji fərqlər nəzərə alınmalıdır.