“ADA Universitetinin fəaliyyəti Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirir” -AYGÜN HACIYEVA

27 Aprel 2026 11:48 (UTC+04:00)

“ADA University müasir dövrdə Azərbaycanın ali təhsil məkanında beynəlxalq yönümlü və inklüziv prinsiplərə əsaslanan aparıcı təhsil müəssisələrindən biri kimi formalaşmışdır”.

SİA xəbər verir ki, bu sözləri ADA Universitetində təşkil olunan World Urban Forum 13 (WUF13) tədbirinin məlumatlandırma sessiyasında ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, ixtisasartırma proqramlarının rəhbəri Aygün Hacıyeva bildirib.
Universitet yalnız akademik biliklərin ötürülməsi funksiyası ilə kifayətlənməyərək, həm də diplomatik və beynəlxalq təlim proqramları vasitəsilə qlobal əməkdaşlıq mühitinin inkişafına mühüm töhfələr verir.

2010-cu ildən etibarən həyata keçirilən bu təlim proqramları çərçivəsində 1554 nəfər gənc, orta və yüksək rütbəli diplomatın iştirakı onların institusional əhəmiyyətini və davamlılığını nümayiş etdirir. Eyni zamanda, 2011-ci ildən başlayaraq 15 il ərzində 109 ölkəni təmsil edən 530 xarici iştirakçının cəlb olunması universitetin beynəlxalq akademik nüfuzunun və “akademik diplomatiya” sahəsində rolunun əhəmiyyətli dərəcədə artdığını göstərir.

Bu fəaliyyətlər çərçivəsində müxtəlif beyin mərkəzlərinin rəhbərləri, diplomatik akademiyaların nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri bir platformada bir araya gətirilmişdir. Bu proses yalnız bilik və təcrübə mübadiləsi ilə məhdudlaşmayaraq, eyni zamanda Azərbaycanın tarixi, mədəni və sosial-iqtisadi inkişaf modelinin beynəlxalq auditoriyaya təqdim olunmasına xidmət etmişdir. Proqramlarda professor-müəllim heyəti, media ekspertləri və dövlət nümayəndələrinin iştirakı ilə formalaşan diskurs ölkənin yumşaq güc siyasətinin mühüm komponentlərindən biri kimi çıxış edir.

ADA University-nin fəaliyyəti Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi və qlobal inteqrasiya proseslərinə aktiv şəkildə qoşulması baxımından strateji əhəmiyyət daşıyır. Qarşıdan gələn beynəlxalq tədbirin Bakıda keçirilməsi isə bu istiqamətdə əldə olunan nailiyyətlərin davamlılığını və ölkənin regional və qlobal miqyasda artan rolunu bir daha təsdiqləyir”.