“Cəmiyyət yalnız o zaman inkişaf edir ki, yeni nəsil əvvəlkindən daha güclü olsun” - SƏDR

27 Aprel 2026 11:40 (UTC+04:00)

“Müəllimin ‘mən bunu həll edə bilmirəm’ deməsi zəiflik deyil, sistemdəki boşluğun etirafıdır. Amma bu, bəzən məsuliyyətdən yayınma kimi qəbul olunur. Halbuki illərlə test yönümlü sistemdə işləyən müəllimdən birdən-birə analitik yazı və ifadə bacarığı tələb etmək çətindir”.

SİA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, əsas prinsip cəmiyyətin inkişafı ilə bağlıdır: “Cəmiyyət yalnız o zaman inkişaf edir ki, yeni nəsil əvvəlkindən daha güclü olsun”.

Məleykə Abbaszadə qeyd edib ki, islahatların məqsədi şagirdlərin düşünmə, yazılı və şifahi ifadə bacarıqlarını inkişaf etdirməkdir: “Bu bacarıqlar formalaşdıqda, şagird sadəcə imtahan vermir, həyata daha hazır olur”.

O vurğulayıb ki, qiymətləndirmə sistemində səviyyələndirmə beynəlxalq standartlara uyğun qurulur və müxtəlif təhsil pillələrinə uyğun fərqli bacarıq səviyyələri nəzərə alınır.

DİM sədri əlavə edib ki, danışıq komponentinin mərhələli şəkildə tətbiqi planlaşdırılır və bu proses üçün həm texniki baza, həm də müəllim hazırlığı vacibdir.

Onun sözlərinə görə, beynəlxalq qurumlarla əməkdaşlıq təhsil sisteminin qlobal standartlara inteqrasiyasını gücləndirir, lakin ən çətin mərhələ insan faktorunun uyğunlaşmasıdır.

Məleykə Abbaszadə bildirib ki, dəyişikliklər narahatlıq yaratsa da, uzunmüddətli perspektivdə məqsəd daha bacarıqlı və düşünən nəsil formalaşdırmaqdır.