ADA Universitetində WUF13 çərçivəsində məlumatlandırma sessiyası keçirilir

27 Aprel 2026 10:59 (UTC+04:00)

World Urban Forum 13 (WUF13) tədbirinin işıqlandırılmasında aktiv iştirak edəcək jurnalistlər üçün növbəti məlumatlandırma sessiyası keçirilib.

SİA xəbər verir ki, 27 aprel tarixində ADA Universitetində təşkil olunan sessiya Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən həyata keçirilib.

Sessiyada bir sıra rəsmi şəxslər və beynəlxalq nümayəndələr iştirak ediblər. Belə ki, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina, həmçinin ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, ixtisasartırma proqramlarının rəhbəri Aygün Hacıyeva sessiyada çıxış ediblər.

Qeyd edək ki, tədbirin məqsədi 17–22 may 2026-cı il tarixlərində Baku şəhərində keçiriləcək WUF13 çərçivəsində media nümayəndələrinin məlumatlandırılması və onların hazırlıq prosesinə cəlb olunmasıdır.